“Ermənistan-Azərbaycan postmünaqişə dövründə də bəzi ölkələr Türkiyəyə və Azərbaycana qarşı kampaniyalarını davam etdirirlər”.

Bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altunun Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) dəstəyi ilə Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilmiş “Türkiyə nizamsızlıq çağında sabitləşdirici güc kimi” adlı kitabının təqdimatında BMTM sədri Fərid Şəfiyev deyib.

BMTM sədri qeyd edib ki, son 20 il ərzində Türkiyənin xaric siyasətində köklü dəyişikliklər baş verir: “Bu kitabda BMT TŞ ilə bağlı deyilənlər xüsusilə Azərbaycan üçün diqqətçəkəndir. Bu gün axşam da BMT TŞ-də Ermənistan-Azərbaycan məsələsi müzakirə ediləcək. Sonuncu dəfə TŞ bu iclası 1995-ci ildə keçirib. Yəni bu illər ərzində TŞ bu məsələ ilə məşğul olmayıb. Bu illər ərzində Azərbaycan dəfələrlə Təhlükəsizlik Şurasına müraciət etsə də, bizə standart cavab belə olmuşdu ki, bu işlə ATƏT məşğul olur. Həm də maraqlı cəhət bu iclas Fransanın təşəbbüsü ilə çağırılır. Biz bunu da başa düşürük. Çünki 30 il ərzində bütün münaqişə Azərbaycan ərazisində baş verirdi. Fransa narahatdır. O, bu narahatlığını da çox açıq şəkildə göstərir”.

.