"Şuşa-Xankəndi yolunda keçirilən aksiyanın səbəbi ekoloji problemlər və Azərbaycanın təbii sərvətlərinin istismarıdır".

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, problemi yaradan Azərbaycan deyil: "Bizim əsas hədəfimiz ekoloji problemlərin həllidir. Ekoloji problemlər indi deyil, hələ 1980-ci illərdə Topxana hərəkatı ilə başlayıb. Təbii sərvətlərimizin istismarının Rusiya sülhməramlıların nəzarət etdiyi ərazidə baş verməsi və heç bir reaksiya verilməməsi təəssüf doğurur. Halbuki sülhməramlıların komandanı orada monitorinq keçirilməsinə şərait yaradılacağına dair vəd vermişdi, lakin həmin vəd yerinə yetirilmədi".

Fərid Şəfiyev onu da qeyd edib ki, digər məsələ Laçında təhlükəsizliyin təmin edilməsidir: “Müşahidələr zamanı məlum olub ki, Laçın yolu üzərindən minalar və digər hərbi sursatlar daşınır. Bu, üçtərəfli bəyanatın müddəalarına tamamilə ziddir. Çünki həmin yol humanitar məqsədlər üçün açılıb. Biz üçtərəfli bəyanata əsasən, üzərimizə öhdəlik götürmüşük. Eyni zamanda, Ermənistan da Zəngəzur dəhlizinin açılması öhdəliyini üzərinə götürüb. Lakin görürük ki, Ermənistan öhdəliyini yerinə yetirmir. Azərbaycan açıq şəkildə elan edib ki, hədəf işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın ictimai nəzarətini bərpa etməkdir. Biz bu məsələlərə pillə-pillə yanaşırıq”.

.