Pakistanın Pəncab əyalətində yük qatarı ilə sərnişin qatarının toqquşması zamanı azı 6 nəfər dünyasını dəyişib. 150-dən çox sərnişin yaralanıb. Onlardan bəzilərinin vəziyyəti ağır olduğundan tələfat göstəricisinin artacağı istisna olunmur.
Polisin məlumatına görə, sərnişin qatarı Pişəvər-Kəraçi marşrutu üzrə hərəkət edirmiş. Qəza zamanı zərbənin təsirindən vaqonlar relsdən çıxıb. Dərhal hadisə yerinə gələn təcili-tibbi yardım briqadaları, sərnişinləri deformasiyaya uğrayan vaqonlardan çıxartmaq üçün xeyli səy göstərib. Hadisənin səbəbləri araşdırılır.
Qeyd edək ki, Pakistanda dəmir yol nəqliyyatında ciddi nöqsanlar olduğundan ölkədə tez-tez belə hadisələr baş verir. Sonuncu belə dəhşətli qəza zamanı 130 sərnişin həyatını itirib.
