Əyalətlərdə məmurlar əhaliyə düşmən kimi baxırlar. Bölgələrdə icra hakimləri, vergi məmurları, qəsəbələrin icra nümayəndələri, dövlət reyestr xidmətinin əməkdaşları, başçıların müavinləri, işıq, su, qaz idarələrinin müdirləri yerli camaatla yadelli işğalçı kimi davranır.
Sanki məqsədli şəkildə əhalini təzyiq altında saxlayır, süni surətdə yaratdıqları problemlər məngənəsində boğurlar. Halbuki paytaxt rayonlarında məmurlar vətəndaşlarla bu şəkildə də rəftar etmir, onları alçaltmır, şikayətini görməzdən gəlmir.
Təbii ki, Bakıda da məmurlar əhaliyə qan uddurur. Amma müqayisə etsək, regionlarda məmurlar daha çox xalqa zülm edir, özbaşınalığa, qanunsuzluğa yol verirlər. Gah əhalinin suyu, gah işığı kəsilir, gah yolu bağlanır.
Şikayət edən sakinləri isə məmurlar öz otaqlarına ya buraxmırlar, ya da dinləmirlər. Kəsəsi, əyalət məmurları şəhər çinovnikləri ilə müqayisədə daha qəddardır. Sonuncu dəfə Tovuzda məmur özbaşınalığından cana doyan sakinlərin şikayəti "Yeni Müsavat”da dərc olunmuşdu. Yerli məmurlar əhalinin başına oyun açır, onların yay istisində suyunu, yolunu kəsir, problemlərini dinləmir, heç bir əndazəyə sığışmayan dərəcədə kobudluq edirlər.
Hüquq müdafiəçisi İradə Cavadova deyir ki, şikayətlərin çoxu sahibkarlıq və mülkiyyət hüquqlarının pozulması ilə bağlıdır. Onun sözlərinə görə, rayonlardan olduğu kimi şəhərdən də şikayətlərin sayı heç də az deyil.
Hüquq müdafiəçisi hesab edir ki, rayonlarda daha çox özbaşına tikinti, mülkiyyət hüquqlarının pozulması halları ilə bağlı müraciətlər çoxdur: "ATƏT-in Bakı ofisi ilə 4 illik layihəmiz çərçivəsində sahibkarların problemləri ilə maraqlandıq. Sahibkarlarla bağlı şikayətlər çox idi”.
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov qeyd etdi ki, həm bölgələrdən, həm şəhərdən şikayətlər daxil olur. E.Behbudov bildirdi ki, ərizə ilə müraciət edənlərdən əlavə komitənin "qaynar xətt”inə də zənglər çox olur.
Komitə sədri dedi ki, əsasən Penitensiar Xidmət, polis orqanları, nəqliyyat departamentləri ilə bağlı şikayətlər çoxdur: "Hələlik bu il Müdafiə Nazirliyinin N saylı hərbi hissələrindən müraciətlər daxil olmayıb. Zakir Həsənov nazir təyin olunandan hələ ki işgəncə ilə bağlı şikayət olmayıb. Ancaq Təhsil Nazirliyinin internatlarından, Dövlət Neft Şirkətinin mühafizə xidmətindən şikayətlər var. Eyni zamanda rayonlardan çoxlu şikayətlər gəlir”.
E.Behbudov bölgələrdən şikayətlərin çox olmasını belə şərh etdi: "Dövlət başçısı həmin adamlara etimad göstərib yüksək vəzifələrə təyin edir, rayonlara rəhbər qoyur. Həmin icra başçıları da bu etimaddan sui-istifadə edir. Elə bilirlər ki, rayonlar onlara atalarından miras qalıb. Restoranlar, şadlıq evləri tikdirirlər, torpaqları zəbt edirlər.
Bu da rayonlarda narazılıq yaradır. Bizə şikayətlər yersiz də olur. Kiminsə maşınını evakuator aparırsa, evdə ər arvadını döyürsə komitəyə müraciət edir. Axı bizim sahəmizə aid deyil? İndi müavinlərimlə cənub rayonlarında polis şöbələrində monitorinq keçirirəm. Tutulanlar əsasən narkotik istifadəçiləridir".
.