"Özünü yandıran Qarabağ müharibəsi əlili, çoxuşaqlı ailə başçısı Zaur Həsənovun müalicəsi ilə bağlı bütün məsələlər diqqət mərkəzində saxlanılır”. Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev APA-ya açıqlamasında bildirib ki, artıq xəstənin sidik ifrazı, böyrəklərinin funksiyası bərpa olunub. Onun sözlərinə görə, xəstənin həyati göstərişləri tədricən yaxşıya doğru inkişaf gedir və hazırda vəziyyəti stabildir: "Lazımi tədbirlər görülür. Mərkəzə daxil olandan bir müddət sonra həyati göstərişləri - sidiyin ifrazı, ürək-qan damar sisteminin vəziyyəti, təzyiqi stabil vəziyyətə gətirilib”.
Zaur Həsənovun xaricə müalicəyə göndərilməsi barədə səslənən fikirlərə gəlincə, R.Nağıyev əlavə edib ki, bu, sonrakı mərhələdə məlum olacaq.

***

Müsavat partiyası Zaur Həsənovun intihar cəhdi ilə bağlı bəyanat yayıb. Partiya bu hadisəni faktiki olaraq cəmiyyətdəki real vəziyyətin, istər Qarabağ əlillərinin, istərsə də cəmiyyətin aztəminatlı hissəsinin acınacaqlı həyatından doğmuş bir hadisə kimi dəyərləndirir. "Azərbaycanda korrupsiya, məmur özbaşınalığı, eyni zamanda insanların öz hüquqlarını məhkəmə vasitəsilə təmin edə bilməməsi belə acınacaqlı hadisəyə gətirib çıxarıb. Hazırda ölkədə hər gün onlarla insan, vətəndaş məhz məmur özbaşınalığına, qanunların icra olunmamasına, haqlarının təmin edilməməsinə etiraz olaraq özünə qəsd etməyi düşünür. Ölkədə demokratik şərait olmayınca, sosial ədalət təmin edilməyincə bu tipli hadisələrin tez-tez baş verməsi ehtimalları mövcuddur”.
Müsavat Partiyası bu məsələdə birbaşa günahkar olan adamların dərhal məsuliyyətə cəlb olunmasını və cəzalandırılmasını tələb edir.

***

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası (AHİK) özünü yandıran II qrup Qarabağ əlili Zaur Həsənovla bağlı qərar qəbul edib. Konfederasiyanın sədri, millət vəkili Səttar Mehbalıyev APA-ya bildirib ki, qərara əsasən, Z Həsənovun ailəsinə övladları yetkinlik yaşına çatana qədər AHİK tərəfindən hər ay 1500 manat vəsait ödəniləcək. Sökülmüş obyektinə görə isə dəymiş ziyanı ödəmək üçün ona 100 min manat məbləğində maddi yardım ediləcək. Bundan başqa, zərurət yaranacağı təqdirdə Z. Həsənovun xaricdə müalicəsini, ailə üzvlərinin işlə təminatını da konfederasiya öz üzərinə götürüb.
Z.Həsənovun müsadirə olunmuş mülkinə gəldikdə, S. Mehbalıyev bildirib ki, həmin işlə bağlı məhkəmə qərarı var: "Biz məhkəmənin qərarına müdaxilə edə, onu dəyişdirə bilmərik”.

***

5 saylı xəstəxananın yanıq şöbəsinin müdiri Həmzə Əzizbəyovun bildirdiyinə görə, Zaur Həsənovun bədəninin 65, nəfəs yollarının 20 faizi yanıb. Onun durumu hazırda sabit-ağır dəyərləndirilir.
Həkimin sözlərinə görə, xəstəxanaya gətiriləndə Həsənovun nə təzyiqi, nə də nəbzi olub. Ancaq hazırda təzyiqinin yuxarı həddi 100-110, aşağı həddi 50-60 arası dəyişir.
Əzizbəyov xəstəxanada Qarabağ əlilinin müalicəsi üçün hər cür şərait yaradıldığını, onun sağalması üçün əllərindən gələni etdiklərini desə də, həkimlərim onun sağ qalacağına zəmanət vermədiklərini də söyləyib.

***

"Qarabağ müharibəsi əlili, çoxuşaqlı ailə başçısı Zaur Həsənovun intihara cəhd etməsi xəbəri bizi dərindən sarsıtdı”. Bunu APA-ya açıqlamasında Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şəbəsinin müdiri Əli Həsənov deyib. Ə.Həsənov bildirib ki, Azərbaycanda ümumxalq səsverməsi ilə qəbul olunmuş Konstitusiyada hakimiyyətlərin bölgüsü prinsipi birmənalı şəkildə təsbit olunub: "Heç bir dövlət orqanı, o cümlədən ali icra hakimiyyətini həyata keçirən Azərbaycan Prezidenti və onun Administrasiyası hakimiyyətin digər qolu olan məhkəmələrin qərarına müdaxilə edə bilməz. Bizə məlum olan informasiyaya görə, Həmkarlar İttifaqları Konfederasiyasının "Kurort” Səhmdar Cəmiyyətinin tabeliyində olan "Şıx” sanatoriyası ərazisində Zaur Həsənovun bir müddət işlətdiyi iaşə obyekti qanunsuz fəaliyyət göstərdiyinə görə məhkəmənin qərarı ilə sökülüb. Biz məhkəmənin hökmünü dəyişdirə bilmərik. Lakin Zaur Həsənovun müharibə veteranı və çoxuşaqlı ailə başçısı olduğunu nəzərə alaraq, hər bir dövlət orqanı və ictimai təşkilat, ilk növbədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası öz imkan və səlahiyyətləri daxilində onun sosial problemlərinin həllinə kömək göstərməlidir”.
Əli Həsənov bildirib ki, ğlkə başçısı İlham Əliyev Zaur Həsənovun özünü yandırmağa cəhd etməsi barədə xəbərdən çox narahat olub və sarsılıb: "Cənab Prezident müharibə əlilinin müalicəsinin təmin olunması və ailəsinə hərtərəfli kömək göstərilməsi ilə bağlı aidiyyəti qurumlara lazımi tapşırıqlar verib. Ümid edirik ki, Zaur Həsənov tezliklə sağalıb öz ailəsinin yanına qayıdacaq”.

***

Qarabağ Qaziləri Cəmiyyətindən Rey Kərimoğlu "Azadlıq" radiosunun xəstəxananın qarşısında olan müxbirinə deyib ki, gecə Həsənovun durumu nisbətən yüngülləşsə də, bu gün yenidən pisləşib. Bu gün səhər saatlarında Zaur Həsənovun ailə üzvləri ilə görüşünə icazə verilib. Ancaq övladları özlərini pis hiss etdiklərindən görüş yarımçıq kəsilib.

***

Milli Məclisin deputatları Mübariz Qurbanlı, Mirkazım Kazımov və Siyavuş Novruzov özünü yandıran, hazırda Bakıdakı 5 saylı xəstəxanada müalicə olunan Qarabağ veteranı Zaur Həsənova baş çəkiblər. Mübariz Qurbanlı xəstəxananın qarşısında toplaşanlara deyib ki, bura dövlət başçısı İlham Əliyevin adından gəlib və məsələ onun diqqətindədir.
.