Azərbaycan Prezidenti İlham Əliyev 2025-ci il 5 dekabr tarixli Sərəncamı ilə Etibarlı Tərəfdaş Konsepsiyasını təsdiq edib.
Yenizaman Konsepsiyanın hədəf və məqsədlərini təqdim edir:
Konsepsiyanın hədəf göstəriciləri
- Konsepsiyanın icrası nəticəsində aşağıdakı hədəflərə nail olunması nəzərdə tutulur:
- "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnun səlahiyyətli iqtisadi operator statusu ilə əhatələnməsi və səlahiyyətli iqtisadi operatorların dairəsinin genişləndirilməsi;
- gömrük anbarının və gömrük təmsilçiliyinin qlobal çağırışlara uyğunlaşdırılması;
- biznes subyektlərinin inkişafı üçün münbit şərait və etibarlı ticarət mühiti yaradılması;
- gömrük orqanları tərəfindən biznes subyektlərinə təqdim edilən sadələşdirmə mexanizmlərinin artırılması;
- müvafiq dövlət orqanlarının (qurumlarının) etibarlı tərəfdaş sisteminin qurulmasına aktiv cəlb edilməsi;
- "dövlət – sahibkar – istehlakçı" zəncirinin işləmə mexanizminin əlverişli və sadələşdirilmiş səviyyəyə çatdırılması;
- gömrük–biznes əməkdaşlığında beynəlxalq standartların tətbiqi ilə yeni tənzimləmə mexanizmlərinin formalaşdırılması;
- biznes dürüstlüyü prinsipinin təşviqi və biznes subyektləri tərəfindən özünüqiymətləndirmə imkanının genişləndirilməsi;
- ticarət-təchizat zənciri boyu təhlükəsizlik tədbirlərinin gücləndirilməsi;
- gömrük işi sahəsində qərarların qəbul edilməsi prosesində rəqəmsallaşma və rəqəmsal gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində "Yaşıl texnologiyalar"dan istifadə edilməsi.
Konsepsiyanın məqsədləri
Konsepsiya dövlət və biznes maraqları nəzərə alınmaqla, aşağıdakı məqsədlərə nail olunmasına xidmət edir:
- dövlət nöqteyi-nəzərindən:
- təhlükəsiz və sadələşdirilmiş ticarətin təşviq edilməsi;
- transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi;
- iqtisadiyyatın diversifikasiyasının təmin edilməsi;
- dövlətin sosial-iqtisadi siyasətinə xidmət edilməsi;
- səmərəli gömrük–biznes dialoqunun qurulması;
- biznes nöqteyi-nəzərindən:
- gömrük–biznes dialoqunun inkişaf etdirilməsi;
- gömrük nəzarətinin sadələşdirilmiş formalarından istifadə edilməsi;
- idxal, ixrac və tranzit əməliyyatları üzrə "özünüqiymətləndirmə" prinsipinin tətbiqi, gəlirlərin artması və biznesin düzgün proqnozlaşdırılması;
- dövlət dəstək mexanizminin gücləndirilməsi.
Sənəddə qeyd olunub ki, qarşılıqlı münasibətlər müstəvisində dayanıqlı əməkdaşlığın qanuni əsaslarla qurulması üçün biznes subyektləri ilə birgə fəaliyyət proqramı olan Konsepsiya mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsinə və beynəlxalq standartlara uyğun yeni normativ hüquqi aktların hazırlanmasına münbit şərait yaradacaqdır. ÜGT-nin müəyyən etdiyi strateji hədəflərə və standartlara uyğun biznes yönümlü islahatların həyata keçirilməsi, normativ hüquqi aktların dünya ticarət sistemində tətbiq edilən təcrübəyə uyğunlaşdırılması, nəticə olaraq yerli şirkətlərin və bütövlükdə ölkə iqtisadiyyatının inkişafına yeni imkanlar açacaqdır. Büdcə vəsaitinin formalaşması sahəsində fiskal intizamın təmin edilməsinə, vəsaitin düzgün bölüşdürülməsinə və xərclərin səmərəliliyinin artırılmasına zəmin yaranacaq, gömrük ödənişlərindən yayınma riskləri üzrə çevik qiymətləndirmə aparılacaqdır.
.
