"Fələstin məsələsinə dair 2018-ci ildə elan ediləcəyi deyilən "əsrin müqaviləsi” artıq keçmişdə qaldı”.
Xarici mediya xəbər verir ki, bunu Fələstinin xarici işlər naziri Riyad əl-Maliki deyib.
ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarına qarşı hazırlanan qətnamə layihəsinə BMT Təhlükəsizlik Şurasında ABŞ tərəfindən veto qoyulmasına kəskin etirazını bildirən diplomat, Vaşinqtonun bununla da zülm və səhvin yanında olmağı üstün tutduğunu bildirib.
Qeyd edək ki, dekabrın 18-də BMT Təhlükəsizlik Şurasında ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarına qarşı hazırlanan qətnamə layihəsi müzakirəyə çıxarılıb. ABŞ qətnamə layihəsinə veto qoyub, qurumun digər 14 üzvü isə onu dəstəkləyib. Fələstin tərəfindən hazırlanan və Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü Misir tərəfindən irəli sürülən sənəddə Qüdsün statusunun dəyişdirilməsi tanınmırdı.
Dekabrın 21-də BMT Baş Assambleyasının xüsusi sessiyası keçiriləcək. Xüsusi sessiyaya Qüdslə bağlı qətnamə layihəsi çıxarılacaq.
Xatırladaq ki, 2018-ci ilin əvvəlində ABŞ prezidentinin İsrail-Fələstin probleminin həllinə dair sülh planı açıqlayacağı gözlənilir. KİV planı "əsrin müqaviləsi” adlandırıb.
.
