"1994-cü ildə Bakıda metronu partladan Azər Aslanov mənimlə birlikdə əsirlikdə olub"

Bunu azərbaycanlı əsirlərə işgəncə verən erməni hərbçiləri Alyoşa Xosrovyan və Lüdvik Mkrtçyanın məhkəmə prosesində zərərçəkmiş Zahid Həsənov deyib.

O, 1994-cü ildə əsir kimi Xankəndidə saxlanıldıqlarını deyib: “Mən, Sergey, Azər Aslanov və başqa bir əsir Xankəndidə saxlanılırdıq. 5-6 erməni hərbçi gəldi, Azər Aslanovu apardı komandirin otağını təmizləməyə. Azər 2 saatdan sonra gəldi, sonra onu yenidən apardılar. Ermənistan xüsusi xidmət orqanları Azərlə söhbət aparırdı. Azəri Samvel Babayanın otağında təlimatlandırdılar. Ona təlimatlar verənlərdən biri də Lüdvik Mkrtiçyan idi. Bir saatdan çox söhbət apardılar. Sergey gəldi, dedi ki, Azər otaq təmizləməyib. Məlum oldu ki, onlar Azər Aslanovu ələ alıblar və otağı təmizlətdirməyiblər. O hadisədən sonra Azərə istədiyi yeməyi verirdilər. Məlum oldu ki, Azər Aslanov ermənilərlə işbirliyinə gedib. Həmin il də Azər Aslanov Bakıda metronu partlatdı. Mən əsirlikdən gələndən sonra Sergeyi əsirlikdə güllələyib öldürdüklərini eşitdim”.
 

.