Azərbaycan ordusunun xüsusi təyinatlılardan ibarət az qala bütöv taqımı cəbhədə ermənilər tərəfindən qırılanda müdafiə naziri Zakir Həsənov Bodrumda dincəlirmiş.
Bu barədə axar.az saytı "etibarlı mənbələrə” istinadən xəbər yayıb. Bildirilir ki, dünən cəbhədə baş verən şiddətli döyüşlər zamanı ölkə xaricində olan Zakir Həsənov birbaşa döyüş bölgəsinə gəlib.Müdafiə naziri rəsmən dünənə qədər məzuniyyətdə imiş."Zakir Həsənov dünən bu xəbəri eşidəndən sonra dərhal Bakıya qayıdıb. O, rəsmi məzuniyyətində olub. Zakir Həsənov həmin vədədə Türkiyənin Bodrum şəhərində istirahətdə idi” deyə mənbə bildirib.
Xatırladaq ki, iyulun 31-dən etibarən təmas xəttindən Azərbaycan ordusu üçün bir-birinin ardınca qara xəbərlərin gəldiyi bir vaxtda müdafiə naziri Zakir Həsənovun şəxsən nə baş verənlərlə bağlı bəyanat verdiyini, nə yaranmış vəziyyətlə bağlı cəbhə bölgəsində olduğunu eşidən olmamışdı. Əgər Zakir Həsənov Bodrumda dincəlirdisə cəbhənin Ağdam-Tərtər istiqamətində Azərbaycan ordusu üçün atəşkəs dövründən bu yana ən ağır itki ilə müşaiyət olunan uğursuz, rüsvayçı döyüşlərə kim komandanlıq edirdi?
.
