Əsgəran qalasının ətrafında kütləvi məzarlıqda tapılan qalıqların Xocalı soyqırımı qurbanlarına aid olduğu ehtimal edilir.
Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşı Zaur İsmayılov deyib.
Onun sözlərinə görə, 1990-cı illərin əvvəllərində Qarabağ bölgəsində fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1992-ci ilin fevral ayında dinc Xocalı sakinlərinin qətlində iştirakçı olmasını etiraf edən Beqlaryan Rəşid Aramayisi barəsində istintaq olunan cinayət işi çərçivəsində, ifadələrinin yerində yoxlanılması məqsədi ilə istintaq hərəkətləri zamanı Xocalıdan Ağdam istiqamətində hərəkət edən dinc əhalinin Əsgəran qalası yaxınlığında pusquya salınaraq, qətlə yetirilməsi və meyitlərinin həmin qalanın yaxınlığında basdırılması barədə məlumat verib.
Məlumata görə, bununla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən ötən ilinin oktyabr-noyabr aylarında axtarış-qazıntı işlərinə start verilib, lakin əlverişsiz hava şəraiti səbəbindən işləri başa çatdırılmayıb: “Fevral ayından başlayaraq qazıntı işləri davam etdirilib və nəticədə Xocalı sakinlərinə aid olması ehtimal edilən gördüyünüz bu kütləvi məzarlıq aşkarlanıb. Burada mütəxəssislərin ehtimalına görə, ən azı 8 şəxsə aid qalıqlar var. Bundan sonra burada davam etdiriləcək axtarış işləri nəticəsində bu rəqəmin artacağı istisna olunmur. Növbəti mərhələdə eyniləşdirmək məqsədi ilə qalıqlardan götürülərək nümunələr aidiyyəti laboratoriyalara təhvil veriləcək və kimliyi müəyyən olunduqdan sonra nəticə barədə ictimaiyyətə məlumat veriləcək”.
.