AFFA-nın baş katibi Elxan Məmmədov Türkiyənin Antalya şəhərində təşkil olunmuş brifinqdə iştirak edib.

Publika.az xəbər verir ki, baş katib bir neçə önəmli məsələyə aydınlıq gətirib.

"Millətlər Liqası bizim üçün yeni imkanlar, şanslar yaradır. Artıq rəqiblərimiz də bəllidir. Bəzi rəqiblərlə yaxın keçmişdə oynamışıq, tanış komandalardır. Artıq sabah ilk yoxlama oyunu keçirəcəyik. Əsas məqsəd futbolçuları yoxlamaqdır. Martda ikinci sınaq oyunumuz da olacaq.

Baş katib bildirib ki, Azərbaycanın Kosovunun müstəqilliyini tanımaması Millətlər Liqası çərçivəsində keçirilən oyunlarda problem yaratmayacaq:

"Kosovo idman qurumu olaraq BOK, FİFA və UEFA üzvü kimi artıq Azərbaycana səfər edib. Onların U-21 komandası da Bakıya gəlib. Bu addımı atmamışdan əvvəl Xarici İşlər Nazirliyi ilə dəqiqləşdirdik və UEFA-ya bildirdik. Oyundan öncə bir daha Xarici İşlər Nazirliyi ilə məsləhətləşəcəyik, düşünürəm ki, bir problem olmayacaq”.

E.Məmmədov Qurban Qurbanovun milliyə baş məşqçi təyin edilməsinə də toxunub:

"Bundan əvvəl iki əcnəbi baş məşqçi ilə işlədik. Bura gələnə qədər onları tanımırdıq. Amma Qurban müəllimi 10 ildir ki, yaxından tanıyırıq. Əvvəl də futbolçu kimi azarkeşlik edirdik. İndi bilirəm ki, sürprizlər olmayacaq. Əsas məsələ uzunmüddətli düşünməkdir və bütün yaş qrupları üzrə yığmaların eyni sistemlə oynamasıdır”.

Baş katib Millətlər Liqası çərçivəsində Ermənistanla qarşılaşma ehtimalını da dəyərləndirib:

"Millətlər Liqasında yolumuz Ermənistanla kəsişə bilər. Bu, problemli oyundur. Püşkə görə bu mərhələdə düşə biməzdik, amma növbəti mərhələdə qarşılaşa bilərik. UEFA bizə şifahi olaraq xəbərdarlıq etdi ki, bu hal baş versə, məsələyə İcraiyyə Komitəsi qarışacaq. Oyun olacaqmı, olacaqsa, harada olacaq və s. Amma futbol elədir ki, yekunda FİFA və UEFA-nın tövsiyələrini nəzərə alacağıq. Nə lazım olsa, onu da edəcəyik. Neytral meydançada olsa da, oyun baş tutacaq. Eyni qaydada canlı yayım, sponsor problemləri var”.

.