Moderator.az Azərbaycanın Pakistan, Əfqanıstan və Birləşmiş Ərəb Əmirliklərində Fövqəladə və Səlahiyyətli sabiq səfiri olmuş Daşqın Şikarovla müsahibəni təqdim edir:
-İlk öncə Azərbaycan-Pakistan arasındakı diplomatik əlaqələrdən bəhs edək. Bilirik ki, Pakistan Azərbaycanın müstəqilliyini Türkiyədən sonra ikinci tanıyan ölkədir. Pakistan dövləti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü daim pisləyib. BMT-nin Təhlükəsizlik Şurasında bu məsələ müzakirə edilərkən Pakistanın nümayəndəsi Azərbaycana çox ədalətli münasibət göstərib. Pakistan bugünkü gündə eyni mövqedə olduğunu və hər zaman öz torpaqlarının azad edilməsi uğrunda apardığı haqlı mübarizədə Azərbaycanın yanında olduğunu dəfələrlə bəyan edib. Bu münasibətlər hansı əlaqələrin nəticəsində qurulub?
- Pakistan İslam Respublikası qardaş Türkiyə və Rumuniyadan sonra Azərbaycanın müstəqilliyini tanıyan üçüncü ölkədir. Tamamilə doğru buyurursunuz, BMT-nin məlum qətnamələrinin qəbulunda Pakistan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik edirdi və biləvasitə Pakistanın tələbi və dəstəyi ilə Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərindən çıxmasını tələb edən qətnamə qəbul olundu. Pakistan hər zaman ölkəmizin haqlı mövqyini dəstəkləyib və bu gün də dəstəkləməkdə davam edir. Qardaş Pakistan dövləti Azərbaycanın strateji müttəfiqlərindən biridir. Bu əlaqələrin qurulmasında Ulu öndərimiz Heydər Əliyevin böyük xidmətləri olub. Ulu öndərin Pakistana ilk rəsmi səfəri və imzalanan 9 saziş və müqavilələr iki dost ölkə münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə qalxmasının əsasını qoyub. 2003-cü ildə xalqın mütləq əksəriyyətinin səsçoxluğu ilə Prezident seçilən cənab İlham Əliyev Ulu ödərin siyasi kursunu layiqincə davam etdirərək mövcud olan strateji müttəfiqlik münasibətlərini daha da möhkəmləndirərək qardaşlıq səviyyəsinə qaldırıb. 2004-ci ildə Pakistan Prezidenti Pərviz Müşərrəfin Azərbaycana rəsmi səfəri, 2005-ci ildə Prezident İlham Əliyevin Pakistaba rəsmi səfəri, 2012-ci ildə Pakistan Prezidenti Asif Əli Zərdarinin Azərbaycana səfəri, 2015-ci ilin mart ayında Pakistan Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri, 2017-ci ildə Prezident İlham Əliyevin Pakistana səfəri və keçirilən görüşlər, imzalanan sazişlər ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin inkişafına təkan verib. Sevindirici haldır ki bu gün həm dövlətlərimiz, həm də xalqlarımız arasında qarşılıqlı olaraq böyük bir sevgi, doömalıq və məhəbbət var. Xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətlərinin qurulmasında Heydər Əliyev Fondunun Prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın müstəsna xidmətləri var. Mehriban xanımın dəstəyi və təşəbbüsü ilə Heydər Əliyev Fondu Pakistanın bütün əyalətlərini əhatə edən ən ucqar və terrora məruz qalan bölgələrində humanitar sosial, səhiyyə, təhsil sahələrində silsilə yardımlar proqramı icra edilib. Belə ki, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi və təşəbbüsü ilə zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində qızlar məktəb inşa olunub, “Edhi Home” kimsəsizlər evlərində, “Akbar Care” Serebral İflic İnstitutunda, Lakki Marvat Uşaq və Qadın, Peşavar “Kulsum İnternational” klinikalarında “Hepatit B” virusuna qarşı peyvəndlər və müayinələr, habelə açıq ürək əməliyyatları aparılıb, Saif Fonduna maddi yardımlar edilib. Eyni zamanda, Həmzə Xeyriyyə Fonduna xüsusi qanköçürmə laboratoriyası ilə təchiz olunmuş “Suzuki” markalı təcili tibbi yardım avtomobili və minlərlə qanköçürmə paketi hədiyyə edilib. Xayber göz klinikasının yeni blokunun və gözləmə otaqlarının inşasına, İslamabadda Talassemiya Mərkəzinin tikintisinə maliyyə və texniki yardımlar göstərilib. 2014-cü ildə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanımın təşəbbüsü və dəstəyi ilə Dera İsmail Xan bölgəsində “Heydər Əliyev su təchizatı”, 2015-ci ildə isə Qucarxanda “20 Yanvar şəhidləri su təchizatı” layihələri icra olunub və ərazidə yaşayan on minlərlə sakin içməli su ilə təmin edilib. Qeyd olunanlardan əlavə, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi və təşəbbüsü ilə 2012-2015-ci illər ərzində Ramazan və Qurban bayramları ilə əlaqədar Pakistanın paytaxtı İslamabadda, Ravalpindi, Fayzalabad, Peşavər, Karaçi, Lahor şəhərlərində və Pakistanın müxtəlif əyalətlərində əhalinin kasıb təbəqələri üçün iftar süfrələri təşkil olunub, həmçinin humanitar tədbirlər keçirilib, kimsəsiz uşaqlara və yaşlılara müxtəlif hədiyyələr təqdim edilib, qurbanlıqlar kəsilərək əhalinin kasıb təbəqəsinə paylanılıb. Həmçinin, Pakistan İslam Respublikası Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən Al-Farabi əlillər evinə, 120 ədəd əlil arabası və əlillərin reabilitasiyası üçün zəruri olan xüsusi avadanlıq və ləvazımatlar hədiyyə edilib.
Heydər Əliyev Fondu tərəfindən Pakistanda həyata keçirilən humanitar layihələr Pakistan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirilib və Pakistan xlqının qəlbində azərbaycanlılara qarşı əbədi məhəbbət yaradıb və bu məhəbbətin, doğmalığın yaranmasının əsas səbəbi Biinci vitse-prezidentimiz Mehriban xanımın adı ilə bağlıdır. Pakistan ölkəmizə olan xoş münasibətini əməli işində dəfələrlə büruzə verib, belə ki, Pakistanın tanınmış jurnalistləri tərəfindən Pakistan mətbuatında ölkəmiz haqqında yüzlərlə müxtəlif məqalələr dərc edilib, həmçinin, Pakistanda ən böyük universitetlərindən biri olan Allama İqbal Açıq Universitetinin tarix fakültəsi tərəfindən 2014-cü ildə nəşr edilən dərslik kitabının “Pakistan və Dünya Münasibətləri” bölümündə Ermənistan-Azərbaycan münasibətlərinə 6 səhifəlik yer ayrılıb. Dərslikdə Dağlıq Qarabağın tarixi, məsələnin gələcək perspektivləri, işğal olunmuş Azərbaycan ərazilərində hazırkı durum və bu kimi faktlar öz əksini tapıb. Yazının müəllifləri professor Fərhat Əkram və doktor Axtar Hüseyn indiki Dağlıq Qarabağ regionunun yerləşdiyi ərazinin tarixi Azərbaycan torpaqları olduğu və Kürəkçay sazişindən sonra ermənilərin bu ərazilərə məqsədli şəkildə köçürüldüyünü qeyd ediblər. Bildirilib ki, Gülüstan və Türkmənçay sazişlərindən sonra ermənilərin Azərbaycanın tarixi torpaqlarına məqsədli şəkildə kütləvi köçü başlayıb. Bu proses Rusiya imperatoru I Nikolayın “Ermənıstan Oblastinin yaradılması” haqqında müvafiq sərancamından sonra daha da güclənib. Nəticədə Azərbaycanın işğalından sonra on minlərlə erməni Qarabağ, İrəvan və Naxçıvana köçürülüb, təkcə 1828-1911-ci və 1914-1916-ci illərdə yüz minlərlə erməni dünyanın müxtəlif ölkələrindən Azərbaycana köçürülüb və bu proses sonralar davam etdirilib. Yazıda rus yazıçıları A.Qriboyedov və N.Şavrovdan sitatlar gətirilib. Tarixçilər ermənilərin 1905 və 1907-ci illərdə, həmçinin 1918-ci ilin mart ayında, 1992-ci ilin fevral ayında azərbaycanlılara qarşı soyqrım törətdiklərini bildirib, bu qanlı hadisələrin təfərrüatları barəsində dərslikdə məlumatlar öz əksini tapıb. Təsadüfü deyil ki Ermənistanın israrlı xahişlərinə baxmayaraq Pakistan dövləti Azərbaycan torpaqlarını işğal etdiyi üşün bu günə kimi Ermənistanla diplomatik münasibət qurmayıb. Pakistan dövləti Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Pakistanın müxtəlif bölgələrində həyata keçirilən humanitar və sosial layihələri yüksək qiymətləndirərək Fondun Prezidenti Mehriban xanımı 2012-ci ildə “Humanizm rəmzi - 2012-ci ilin qadını”, 2013-cü ildə “Şəhid Bənazir Bhutto” mükafatları, 2015-ci ildə isə “Hilal-e-Pakistan” ali ordeni ilə təltif edib. 2015-ci ilin mart ayında Pakistan Prezidenti Məmnun Hüseyn Azərbaycana rəsmi səfərində Heydər Əkiyev Fondunun Prezidenti Mehriban xanımın dəstəyi və təşəbbüsü ilə Pakistanda keçirilən tədbirləri yüksək qiymətləndirərək bu tədbirlərin əhəmiyyətini xüsusi vurğulamış və "Hilale Pakistan" ali ordenini Mehriban xanıma şəxsən təqdim etmişdir.
- Pakistan xalqı iki ölkə arasındakı münasibətlərə necə yanaşırdılar?
- Bildiyiniz kimi 200 milyondan çox əhalisi olan Pakistan İslam Respublikası 1947-ci ildə müstəqillik əldə edib və həmin dövrdən bu günə kimi Pakistan ərazisində dəfələrlə terror aktları həyata keçirilib, ölkədə bir neçə dəfə dağıdıcı zəlzələ və təbii fəlakətlər baş verib. Təbii fəlakətlər nəticəsində 100 mindən çox insan həlak olub, on minlərlə ev dağılıb, ölkə iqtisadiyyatına on milyardlarla dollar zərər dəyib. Pakistanın ən çətin günlərində Pakistana ilk yardım edən Azərbaycan və Türkiyə olub. Cənab Prezidentimiz İlham Əliyevin apardığı xarici siyasət, dar gündə Pakistana dəstəyi, həmçinin Heydər Əliyev Fondu tərəfindən həyata keşirilən layihələr Pakistan xalqı və dövləti tərəfindən böyük rəğbətlə qarşılanmış və bununla bağlı Pakistan rəhbərliyi, nüfuzlu siyasi xadimlər ən yüksək tiribunalardan dəfələrlə ölkəmizə minnətdarlıq ifadə etmişlər.
- Səhv etmirəmsə, Siz Pakistanda səfir olduğunuz zaman orda Azərbaycan diasporu yox idi. Buna səbəb nə idi?
- Bunun əsas səbəblərndən biri Pakistanda çox az sayda - təxminən 30 nəfərə yaxın azərbaycanlının yaşamasıdır. 2007-ci ilin mart ayından 2015-ci ilin dekabr ayının sonuna kimi Pakistanda müxtəlif vəzifələrdə - konsul, müşavir, müvəqqəti işlər vəkili və səfir vəzifələrində işləmişəm. Vəzifə öhdəliklərinin icarı ilə əlaqədar Pakistanın demək olar ki bütün bölgələrində olmuşam, vaxaşırı xalqın bütün təbəqələri ilə söhətlərim, görüşlərim olub, dəfələrlə pakistanlıların evində qonaq olmuşam. Pakistan xalqında bizə qarşı o qədər böyük məhəbbət , doğmalıq var, sanki insan özünü öz ölkəsində, öz evində hiss edir. Diaspor təşkilatımız olmasa da azərbaycanlıların dostluq cəmiyyəti fəaliyyət göstərirdi və o cəmiyyətdə Pakistanın nüfuzluş ictimai xadimləri, senatorlar, iş adamları, tanınmış jurnalistlər təmsil olunurdu. Azərbaycanın dostları bir neçə dəfə mətbuat vasitəsilə BMT-yə müraciət edib Ermənistanın Azərbaycan torpaqlarının işğalına son qoymasını və BMT-nin qəbul etdiyi qətnamələrin icrasını tələb ediblər. 2014-cü ilin fevral ayının 20-də Pakistan Senatı sədrinin müavini, Senatın komitə sədrləri, əyalətlərin qanunverici və icra orqanlarının rəhbərləri, sabiq nazirlər, istefada olan ordu generalları, admirallar, tanınmış hüquqşünaslar, jurnalistlər və alimlər də daxil olmaqla 100 nəfərdən çox ictimai-siyasi xadim Xocalı soyqırımını törədənlərin qanlı əməllərini pisləyən bəyannamə qəbul etmişdir. Azərbaynaın dostları BMT-nin Pakistandakı ofisinin qarşısında piket keçirərək Pakistan Observer qəzetində dərc olunan və BMT-yə ünvanlanan Bəyənnaməni BMT-nin Pakistandakı nümayəndəliyinin rəhbərinə təqdim etmişdirlər. Qəbul olunan bəyənnamə ilə bağlı Azər TAC da məlumatlar var. (https://azertag.az/xeber/54702 )
- Siz Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri olan zaman Azərbaycan-Pakistan əlaqələrinə zərbə vuracaq hər hansı qüvvələrlə rastlaşırdız?
- Pakistanın nüfuzlu ingilisdilli "The News İnternational" və "Daily Times" qəzetlərinin 16 fevral 2011-ci il tarixli sayında "Ermənistanın paytaxtı - tarixi Azərbaycan şəhəri" sərlövhəli məqalə dərc edilmişdi. Məqalədə Yerevan şəhərinin tarixən Ermənistana məxsus olması barədə iddiaların həqiqəti əks etdirmədiyi, heç bir tarixi fakta əsaslanmadığı, qədim Urartu dövlətinin indiki Ermənistanla əlaqəli olmasına dair erməni iddialarının da boş və mənasız olduğu qeyd edilərək əsl adı İrəvan olan şəhərin Azərbaycan hökmdarı I Şah İsmayılın əmri ilə sərkərdə Rəvanqulu xan tərəfindən 1515-ci ildə tikildiyi, XIX əsrin əvvəllərində Çar Rusiyasının işğal etdiyi Azərbaycan torpaqlarında özünə dayaq məntəqəsi yaratmaq məqsədilə İran və Türkiyədə yaşayan erməniləri İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərinə köçürdüyü, daha sonra isə bu ərazilərdə ermənilərin say tərkibini artırmaq üçün xüsusi tədbirlər həyata keçirdiyi, həmçinin erməniləri ifşa edən digər məlumatlar oxucuların diqqətinə çatdırılmışdır. Məqalə mətbutda dərc olunandan 2 gün sonra qəzetin sahibi məni dəvət etdi və ermənilər tərəfdən çox sayda təhdidlər aldığını və eyni zamanda mənim də ehtiyat tədbirləri görməyimin vacibliyini bildirdi. O zaman səfir vəzifəsini icra edirdim və bununla bağlı Pakistan rəsmilərini məlumatlandırdım. Novbəti təhdidlə bağlı 2012-ci ilin fevral ayında türk səfirliyi məni məlumatlandırdı. 02.02.2012-ci ildə Pakistan İslam Respublikasının Senatı tərəfindən Xocalı soyqırımını tanıyan qətnamə qəbul olunmuşdu və bu da erməni tərəfini qıcıqlandırmışdı. Pakistanda işlədiyim dövrlərdə dəfələrlə jurnalistlərin, Pakistanın nüfuzlu ictimai xadimlərinin Azərbaycana səfərləri təşkil olunub və səfər çərçivəsində jurnalistlər Bakıda, Qubada, Şamaxıda, Naxçıvanda ermənilərin törətdikləri soyqrımlar haqqında kifayət qədər məlumatlar əldə edib bu barədə yüzlərlə məqalələr dərc ediblər. Məqalələrdə ermənilərin məhz müsəlman olduqları üçün azərbaycanlıları məscidlərə yığıb diri-diri yandırmaqları, qadınları, qocaları, uşaqları qətlə yetirmələri, Xocalı soyqrımı, torpaqlarımızın 20 faizinin işğalı, Dağlq Qarabağda qondarma seçkilərin keçirilməsi, məscidlərimizi, tarixi abidələrimizi dağıtmaları, ASALA terror təşkilatının türk diplomatlarına qarşı terror həyata keçirmələri və bu kimi fakları əhatə edən məlumatlar geniş işıqlandırılıb. 2013-cü ilin oktyabr ayında Pakistan İslam Respublikasının Senatı tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyən və erməni işğalını pisləyən növbəti qətnamə qəbul olunanda ermənilər ciddi-cəhdlə Pakistanla diplomatik münasibətlər qurmaq və ən azından Pakistanın ölkəmizə olan qardaşlıq münasibətinə xələl gətirməyə cəhdlər göstərdi, amma Pakistan birmənalı şəkildə Azərbaycan torpaqlarını işğaldan azad etmiyinə kimi Ermənistanla hər-hansı diplomatik münasibətlər qurmayacağını birmənalı olaraq bəyan etdi. Növbəti təhdidlə 2016-ci ilin mart ayında qarşılaşdım. Fevral ayının 24-də Birləşmiş Ərəb Əmirliklərinin İntercontinental otelində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan anım mərasimi keçirmişdik. Anım mərasimində iştirak edən Al Bayan qəzetinin və Sky News televiziya kanalının əməkdaşları Xocalı soyqrımı ilə bağlı çıxışımı işıqlandırmışdılar. Mart ayının əvvəllərində Abu Dabi şəhərində keçirlən tədbirlərin birində Ermənistanın BƏƏ-dəki səfiri mənə yaxınlaraq Əl Bayan qəzetində dərc olunan yazıya etiraz edərək "bura sənin üçün Pakistan deyil, özünə problem yaratmaq istəmirsənsə öz işinlə məşğul ol" ifadəsini işlətdi və aramızda mübahisə yarandı. Təbii ki heç bir təhdidlərdən çəkinmədim və növbəti illərdə də Ermənistanın torpaqlarımızın işğal etməsi, Xocalı soyqrımı, işğal olunmuş ərazilərdən erməni silahlı qüvvələrinin kəndlərimizi, mülki əhalini atəşə tutması və bu kimi faktlarla bağlı keçirilən tədbirlərdə, görüşlərdə fikirlərimi bildirirdim, musahibələr verirdim.
.