Ermənistandakı seçkilərdə 4 siyasi partiya parlamentdə yer alacaq.

AzNews.az xəbər verir ki, 2009 seçki məntəqəsindəki bülletenlərin sayılması nəticəsində hakim Respublika partiyası səslərin 771 min 247-ni (49,12%) toplayaraq qalib gəlib.

Erməni biznesmeni Qaqik Tsakuryanın rəhbərlik etdiyi "Tsakuryan” bloku səslərin 27,32%( 428 965)-ni, Daşnaksütyun partiyası 6,57% (103 173)-ni, "Yolk” bloku isə 7,77% (122 049)-nu qazana bilib.

Ümumilikdə seçkilərdə 5 partiya- Respublika, "Müstəqil demokratlar”, "Erməni dirçəlişi”, "Daşnaksütyun inqilabi Ermənistan federasiyası”, Kommunist partiyası və 4 siyasi blok- "Yolk”, "Tsakuryan”, "Oqayan-Raffi-Oskanyan”, Ermənistan milli konqresi-Ermənistan milli partiyası blokları iştirak edib.

Parlamentdə yer ala bilmək üçün partiyalara səslərin 5, bloklara isə 7 faizini qazanmaq lazım idi.

Bu, ölkədə parlament üsul-idarəsinə keçmək üçün konstitusiyaya edilən dəyişiklikdən sonra keçirilən ilk seçkidir.

Seçkilərdə iştirak edən partiyalardan yalnız "Müstəqil demokratlar” və "Yolk” Qərblə münasibətləri dərinləşdirməyin və Avrasiya İqtisadi Təşkilatında iştirakdan imtina etməyin tərəfdarıdırlar.

Yerdə qalan bütün siyasi partiyalar və bloklar Rusiyayla sıx əməkdaşlığı dəstəkləyirlər.

.