Ermənistan parlamentinin bugünkü iclasında ikinci dəfə insident yaşanıb.

Hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputatlar müxalifətdə olan “Ermənistan” blokunun üzvü Vahe Akopyanı təpik və yumruqla vurublar.

V. Akopyan çıxış edən zaman hakim partiyanın deputatlarından biri yerdən replika atıb. V. Akpoyan tribunadan enərək replika atan deputatın üzərinə yeriyəndə “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Vaahn Aleksanyan yerindən qalxaraq ona doğru irəliləyib.

V. Akopyana çatan V. Aleksanyan onu təpiklə vurub. Bunun ardınca isə hakim partiyadan olan digər deputatlar Ayk Sarkisyan və Vahe Qalumyan müxalifətçi deputata zərbələr endirməyə başlayıb.

Digər deputatların da insidentə qarışması ilə kütləvi dava düşüb.

Dövlət Mühafizə Xidmətinin əməkdaşları iclas zalına daxil olaraq, deputatları ayırıb.

İnsidenti lentə alan jurnalistlərə qarşı da kobudluq edilib. Mühafizə xidmətinin əməkdaşları jurnalistləri onlar üçün ayrılmış media otağından güc tətbiq edərək çıxarıblar.

İclasa fasilə verilib.

Qeyd edək ki, bu gün səhər də parlamentdə hakim partiyanın deputatları ilə müxalifətçi deputatlar arasında dava düşüb. İnsidentə səbəb “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Ayk Sarkisyanın çıxışında sabiq müdafiə naziri Seyran Ohanyanı “vətən xaini” adlandırması olub.

A. Sarkisyanın bu sözündən sonra parlamentdə dava düşüb. Deputatlar bir-birinə butulka atıblar.

 

.