Prezident İlham Əliyevin 2021-ci il 14 avqust tarixində “CNN Türk” televiziya kanalına verdiyi müsahibəsini dünyaya yeni bir mesaj kimi qəbul etmək olar. Zamanında verilən bu mesajın bizim müttəfiq, qardaş dövlət olan Türkiyənin ən nüfuzlu kanalı vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırılması və ölkə başçısının fikir və söylədiyi fikirlər təsadüfi xarakter daşımırdı. 30 il ərzində münaqişənin nizamlanması istiqamətində fəaliyyət göstərən qurumların, xüsusilə Minsk Qrupunun “ikili standartlar”dan bu məsələyə yanaşması beynəlxalq ədalətsizliyin fonunda qanunların, beynəlxalq hüququn bütün norma və prinsiplərinin pozulması idi. Təkcə əsrin ən böyük faciələrindən olan Xocalı faciəsinin 30 ilə yaxın bir müddətdə cəmi 13 ölkə tərəfindən tanınması, bu soyqırıma göz yumaraq saxta soyqırımın dünyanın inkişaf etmiş ölkələri tərəfindən tanınması bunun bariz nümunəsidir.
Dünyada tolerantlığın və multikultralizmin mərkəzi kimi sayılan Azərbaycan 30 illik münaqişədə haqlı tərəf olsa da rəsmi İrəvanın 26 illik atəşkəs dövrü ərzində yürütdükləri siyasət təkcə xalqımıza deyil, beynəlxalq qanunların aliliyinə qarşı da hörmətsizlik, saymamazlıq idi. Azərbaycanın haqlı mövqeyini dəstəkləyən ən ali qurumların, BMT, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər beynəlxalq təşkilatların qəbul etdikləri qətnamə və qərarlara məhəl qoymayan ermənilər münaqişə baş verməsində həyasızcasına özlərini “haqlı”çıxarmaqdan da çəkinmirdilər.
Sözsüz ki, münaqişənin sülh yolu ilə həll edilməsi prosesində rəsmi Bakının irəli sürdüyü təkliflərdə bu layihələrin reallaşmasının vacibliyi öz əksini tapırdı. Ermənistanın yürütdüyü siyasətlə yanaşı, münaqişənin dinc yolla həlli istiqaməti üçün yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi münaqişənin hərbi yolla həllini qaçılmaz etdi. Müharibənin gedişatı həqiqətlərin bərpası idi.
Düz 5 il öncə qalibiliyyətli aprel döyüşlərində qazanılan tarixi uğur Zəfər qələbəmizin əldə olunması istiqamətində başlanğıc idi. 26 illik atəşkəs dövründə ermənilər hərbi təxribatlarla Azərbaycanı münaqişəni alovlandırmağa cəhd göstərsə də rəsmi Bakının yürütdüyü düzgün, təmkinli siyasət və Azərbaycan Prezidenti, Ali BaşKomandan İlham
Əliyevin beynəlxalq tribunalardan həqiqətlərin dünya ictimaiyyətinə çatdırlması, həmçinin ordu quruculuğu istiqamətində aparılan islahatlar erməni təxribatlarına layiqincə cavab vermək üçün geniş imkanlar yaratdı.
44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbədə məqsəd təkcə torpaqlarımızı azad etmək deyildi, azad edilmiş torpaqlarımızı dirçəltmək idi. Dünyaya fərqli, sülhsevər xalq olduğumuzu nümayiş etdirmək idi. Ermənilər işğalçılıq, soyqırım siyasəti ilə xalqımıza qarşı, məscidləri dağıtmaqla, təhqir etməklə isə ümumilikdə müsəlman dünyasına qarşı səhv olduqlarını anlamaq iqtidarında deyildilər. Sözlə başa düşməyəni yumruqla başa salarlar. Məhz “dəmir yumruğumuz” rəsmi İrəvanı səhv yolda olduğunu bütün dünyaya nümayiş etdirdi. 44 günlük döyüşlər təkcə ordumuzun gücünü, qüdrətini deyil, Azərbaycan əsgərinin başqa millətlərə nümunə olacaq qədər əzmini, mətinliyini, döyüşkənlik ruhunu göstərdi. Vətən müharibəsinin ilk günündən Qələbə gününə kimi Azərbaycan Ordusu yalnız irəlilədi, düşmənə sarsıdıcı zərbələr vuraraq uğurlu hərbi əməliyyatlar fonunda qəhərmanlıq nümayiş etdirdi. Ermənilərin 10 illər boyu öz silahlı qüvvələrinin "məğlubedilməzliyi" barədə mifləri darmadağın etməklə bütün dünyaya döyüşməyin müasir yolunu göstərdik.
44 günlük Vətən müharibəsi bir daha göstərdi ki, torpaq uğrunda vuruşan əsgər maddiyyat uğrunda döyüşən muzdlu döyüşçüdən daha cəsarətli, daha əzmkar olur. Məhz bunun nəticəsidir ki, 44 günlük döyüşlər zamanı Azərbaycan əsgəri bir dəfə də olsun geri çəkilmədi. Xalqın qələbəyə və öz əsgərinə olan inamı da qələbəni şərtləndirən əsas amillərdən idi. Müharibənin ilk günündə bir neçə kəndin işğaldan azad edilməsi, Azərbaycan Ordusunda ruh yüksəkliyini artırdı. Azərbaycan əsgəri, Azərbaycan xalqı gələcək nəsillər qarşısında öz borcunu yerinə yetirdi.
Vətən müharibəsinin qələbə ilə başa çatması bölgədə bir sıra reallıqların üzə çıxmasına şərait yaratdı. Münaqişəyə son qoyulmaqla yanaşı haqqlı tərəf olduğumuz, rəsmi İrəvanın isə işğalçı dövlət olduğu dünya ictimaiyyəti tərəfindən qəbul edildi. Daim münaqişənin qan tökülmədən, dinc yolla həlli istiqamətinə çalışan Azərbaycanın danışıqlar prosesinə üstünlük verməsi erməni silahlı qüvvəllərinin danışıqlar prosesini pozmaq məqsədilə hərbi təxribatları ilə qarşılanıb. Azad olunan ərazilərdə müşahidə olunan görüntülər düşmən tərəfin münaqişənin həlli istiqamətində maraqlı olmadığını
göstərir. Milyon dollarlarla vəsaitin xərclənməsi ilə nəhəng istehkamların, müdafiə xətlərinin tikilməsi bunun əyani sübutudur. Cinayət və pis məqsədlər olan yerdə inkişafdan, tərəqqidən söhbət gedə bilməz. Münaqişə başlanan andan yalnız dağıdıcılıqla məşğul olan ermənilərin müharibə cinayətləri uzun müddət dünya ictimaiyyətinə çatmayıb. Xüsusən cəbhə zonasına aid olmayan yaşayış məskənlərinə qəfil hücumlar və bu hücumlar nəticəsində günahsız mülki əhalinin vəhşicəsinə qətlə yetirilməsi təkcə xalqımıza qarşı deyil, bəşəriyyətə qarşı yönəlmiş cinayətidr. Mülki əhaliyə qarşı hərbi təxribatlar, terror əməlləri Vətən müharibəsi dövründə də nümayiş olundu. Təkca xalqımız deyil, beynəlxalq ictimaiyyət də bir daha erməni barbarlığının şahidi oldu. Ballistik raketlərin Gəncə şəhərinə bir neçə dəfə atılması məqsədyönlü xarakter daşıyırdı. Mülki əhalimizə qarşı törədilən cinayətlərin amansızlığı, qəddarlığı erməni siyasətinin xislətindən xəbər verir. Müharibələrin də öz qanunları var. Müharibə zamanı dinc əhaliyə qarşı zorakılıq müharibə cinayətidir. Körpələrin, hamilə qadınların, yaşlı insanların diri-diri yandırılması, əzablarla, xüsusi işgəncə üsulları ilə öldürülməsi isə ümumilikdə insanlığa qarşı cinayətdir.
Vətən müharibəsi digər reallığın, xalqımıza, dövlətimizə qarşı dost və düşmənlərin kimliyini üzə çıxardı. Müharibənin ilk saatlarından Azərbaycana öz siyasi və mənəvi dəstəyini əsirgəməyən Türkiyə dövləti sübut elədi ki, Türkiyə-Azərbaycan münasibətləri regionda sülhün təminatıdır. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Azərbaycan və Türkiyə dövlətləri arasında həmrəylik, dostluq, qarşılıqlı yardım münasibətləri dünya ölkələrinə nümunə olacaq dərəcədə inkişaf etmişdir. İki ölkə
arasında münasibətlərin inkişafı ümumilikdə türk dünyasının daha sıx şəkildə bir araya gəlməsinə öz töhfəsini verir.
Prezident İlham Əliyevin hələ illər öncədən qarşıya qoyduğu, müəyyən etdiyi vəzifələrdən biri işğaldan azad edildikdən sonra rayon və şəhərlərimizin yenidən qurulması, Böyük Qayıdış proqramının həyata keçirilməsi idi. Bu vəzifənin real olaraq həyata keçirilməsinə isə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə başlanılmışdı. 2016-cı ilin Aprel qələbəsindən sonra Cocuq Mərcanlı kəndinin yenidən qurulması Böyük Qayıdışın ilk addımı idi. Cocuq Mərcanlının qısa zamanda yenidən qurulması ondan xəbər verirdi ki, gün gələcək işğal altındakı torpaqlarımız da azad olunacaq və həmin ərazilər bərpa ediləcək. O gün yetişdi və artiq verilən sozlər oz yerini tutur. Azərbaycan müharibədən sonrakı abadlıq-quruculuq, bərpa işləri, imzaladığı layihələrlə bir daha sübut etdi ki, regionda sülhün möhkəmlənməsinə daim çalışmışdır. Və bu gün Ermənistanın bəzi qüvvələrinin təxribat cəhdləri nəzarət altındadır. Rəsmi İrəvanın daim güvəndiyi və strateji tərəfdaşı olan Rusiyanın sülhməramlı qüvvələrinin nəzarət etdiyi ərazilərdə belə erməni revanşistləri heç bir təxribat törətmək iqtidarında deyillər.
Nəzərdə tutulan layihələrin sürətli icrası regionun simasını dəyişəcək. Bu günün reallığı isə ondan ibarətdir ki, zaman keçdikcə Azərbaycanın istər iqtisadi, istər hərbi gücü Ermənistanı daha çox üstələyir. Yeni nəqliyyat qovşağının yaranması fonunda rəsmi İrəvanı Azərbaycanın tələbləri ilə razılaşmaq məcburiyyətində qoyacaq. Xalqın öz liderinin ətrafında sıx birləşərək bölgədə sülhün möhkəmlənməsinə və tərəqqisinə yönəldilən islahatların həyata keçirilməsini sürətləndirəcək.
YAP Pirallahı rayon təşkilatının Aparat rəhbəri
