Ermənistan parlamentində Gümrü faciəsi ilə bağlı dinləmələr qalmaqalla müşayiət olunuib.ANS PRESS-in məlumatına görə, Gümrü faciəsinə həsr olunmuş dinləmələrdə "Çiçəklənən Ermənista" fraksiyasının katibi Naira Zoqrabyan sərt çıxış edib. O, dinləmələrin saat yarım nəzərdə tutulmasına etiraz edib. "Belə qısa vaxt ərzində bu cür vacib məsələni əhatə etmək mümkün deyil. Bu məsələ üçün dinləmələrə saat yarım ayrılması müzakirələrin görüntü xatirinə təşkil edildiyini göstərir", - deyə Naira Zoqrabyan bildirib.
"İrs" fraksiyasının rəhbəri Ruben Akopyan isə müzakirələrin keçirildiyi zalın kiçikliyindən şikayət edərək dinləmələr üçün başqa məkanın seçilməsinin vacibliyini bildirib.
Dinləmələr sonadək hakimiyyətin ünvanına sərt ittihamlarla yadda qalıb. Spiker deputatları sakitləşdirərək dinləmələrin yenidən təşkil ediləcəyini desə də bu heç nəyi dəyişməyib.
Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi Valeri Permyakova qarşı cinayət işi qaldırıb. Komitə onu Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsi ilə istintaqa cəlb etmək istəyir. Amma Moskva buna razılıq vermir. Rusiyanın 5-ci qarnizon məhkəməsi əsgərə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin iki maddəsi əsasında qətlə və fərariliyə görə cinayət işi qaldırılıb.
Valeri Permyakov yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirib. Yalnız 6 yaşlı Seryoja sağ qalıb. Ancaq sonradan o da ölüb.
Valeri Permyakovu Ermənistan - Türkiyə sərhədində yerləşən Bayandur kəndində Rusiya sərhədçiləri tutub..
