Ermənistan silahlı qüvvələrinə əsir düşən Tərtərin Qapanlı kənd sakini, 1968-ci il təvəllüdlü Quliyev Şahbaz Cəlal oğlunun böyük qardaşı İlham Quliyev Teleqraf.com-a bildirib ki, onun əsir düşməsindən xəbərsizdir.
Sumqayıtda yaşayan İ.Quliyev qardaşının hərbçi olmadığını deyib: "O, daha əvvəl də Kəlbəcərə gedib. Neçə dəfə demişik ki, həyatını təhlükəyə atma. Xeyri olmadı. Çox narahatıq". İ.Quliyev həmçinin bildirib ki, əsir düşən qardaşı ailəlidir, bir qızı var: "İyunun 18-dən sonra ondan xəbərimiz yoxdur. O, Qarabağa tək getmirdi".
***
Qondarma "DQR müdafiə nazirliyi” bu dəqiqələrdə iyulun 9-da Kəlbəcərdə əsir götürülən azərbaycanlının fotolarını yayıblar.
Virtualaz.org saytı xəbər verir ki, separatçı rejimin erməni KİV-lərinə ötürdüyü fotoda azərbaycanlı mülki şəxs təsvir olunub. Həmin şəxsin 1968-ci il təvəllüdlü Quliyev Şahbaz Cəlal oğlu olduğunu yazır. Artıq erməni mətbuatı əsirin fotosunu da yayıb.
Erməni tərəfi iddia edir ki, Şahbaz Quliyevin Dağlıq Qarabağa keçən Azərbaycan kəşfiyyat-diversiya qrupunun üzvüdür.
.
