"İşğaldan azad olunmuş ərazilərə baş tutan səfərlər və aparılan monitorinqlər zamanı 100 km-lərlə məsafə qət etməyimizə baxmayaraq, əfsus ki, bölgənin faunasını təşkil edən heyvan və quş növlərinə rast gəlmək mümkün olmayıb. Ərazilər minalardan tam şəkildə təmizləndikdən və təhlükəsizlik təmin olunduqdan sonra bu istiqamətdə daha dəqiq tədqiqatlar aparılacaq".

Bu fikirləri ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda keçirilən brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ümumi sahəsi 43 min hektar olan 6 xüsusi mühafizə olunan təbiət ərazisində 6 800 hektar meşə örtüyü tamamilə məhv edilib, biomüxtəlifliyə ciddi zərər vurulub: "Bir faktı da qeyd edək ki, Zəngilan rayonu ərazisində Şərq çinarının azsaylı təbii areallarından biri və ən böyüyü olan Bəsitçay çinar meşəliyi 1974-cü ildə dövlət mühafizəsinə götürülüb və həmin ərazidə Bəsitçay Dövlət Təbiət Qoruğu yaradılıb. Təəssüf ki, qoruğun təxminən yarısına qədər hissəsində qədim Şərq çinarı ağacları kəsilərək məhv edilib.

Digər xüsusi mühafizə olunan Qaragöl Dövlət Təbiət Qoruğunun mühafizə zonası ekoloji cəhətdən gərgin vəziyyətə salınıb, işğal dövründə göl suyundan təsərrüfat və digər məqsədlər üçün intensiv istifadə olunması suyun səviyyəsinin aşağı düşməsi və bioloji ehtiyatların kəskin azalması ilə nəticələnib. Aparılan tədqiqatların nəticəsi olaraq müəyyənləşdirilib ki, göldə qoruma altında olan qızılxallı balıq populyasiyası demək olar ki, məhv olub.

1982-ci ildə regionda yaşı 120 ildən 2000 ilədək olan 152 ədəd qədim ağaca, 6 xüsusi qiymətli meşə sahəsinə və 6 geoloji-palentoloji obyektə təbiət abidəsi statusu verilərək dövlət mühafizəsinə götürülmüşdür. Bu təbiət abidələri də uzun illər ciddi təsirlərə məruz qalmış, qədim ağaclardan 131-i kəsilmiş və izlərinin itirilməsi məqsədilə kök hissələri belə yandırılmışdır. Bununla yanaşı, xüsusi qiymətli Araz palıdı meşə sahəsinin 288 hektarı tamamilə məhv edilib. Təəssüflə bildirmək istərdik ki, məhv edilmiş təbiət abidələrinin bərpası mümkün olmayacaq".

Qeyd edək ki, işğaldan əvvəl Azərbaycan ərazilərində 2 000-dən çox ali bitki növünə rast gəlinirdi ki, bu da ölkə florasının 42%-ni təşkil edirdi. Bu növlərdən 72-si nadir və nəsli kəsilmək təhlükəsi altında olan növlər kimi “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na və dünyanın qırmızı siyahılarına salınıb. Ərazidə rast gəlinən bitki növlərindən 20-si Azərbaycan areallı endemik bitkilərdir. Bunlardan 10-a qədəri yalnız Şərqi Zəngəzur və Qarabağ bölgələrində bitən endemiklər olmaqla, dünyanın heç bir yerində təbii halda rast gəlinmir. Bu bölgələrdə yayılan fauna növlərindən 127-si “Azərbaycan Respublikasının Qırmızı kitabı”na daxil edilmiş nadir və nəsli kəsilmək təhlükəsi altında olan növlərdir.

Nazir müavini: "İşğal dövründə 52 yataq istismar olunaraq talan edilib"

"İşğalın davam etdiyi dövrdə mineral xammal ehtiyatlarını istismarı ilə bağlı vəziyyət daha acınacaqlı olub. Bu bölgədə ötən əsrin 90-cı illərinədək 167 faydalı qazıntı yatağı kəşf edilərək dövlət balansında qeydiyyata alınıb".

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda keçirilən brifinqdə çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, işğal dövründə qızıl, gümüş, mis, civə kimi filiz yataqları, müxtəlif tikinti materialları, yeraltı şirin su və termal-mineral su yataqları olmaqla, dəyəri milyardlarla qiymətləndirilən 52 yataq istismar olunaraq talan edilib.

O həmçinin əlavə edib kİ, Şərqi Zəngəzur və Qarabağ bölgəsi su ehtiyatları baxımından çox zəngindir: "Həmin ərazilərdə 14 əsas çay, 9 su anbarı, ekoloji əhəmiyyətə malik 7 göl və təbii mineral bulaqlar mövcuddur. Azərbaycan və Ermənistan arasında yerləşən 4 əsas transsərhəd çay Araz çayı, Bəsitçay, Bərgüşadçay və Oxçuçayın ekoloji nəzarətdən kənarda qalması nəticəsində uzun illər çay hövzələrinin vəziyyəti haqqında dəqiq məlumatların əldə edilməsi mümkün olmayıb. Hazırda aparılan monitorinqlərin nəticələrinə əsasən bu çayların ağır metallarla ifrat dərəcədə çirkləndirildiyi müəyyən edilib.

Xüsusilə Oxçuçay Ermənistan ərazisində yerləşən Zəngəzur mis-molibden və Qafan mis filizsaflaşdırma kombinatlarının təmizlənməmiş istehsalat suları, eləcə də Qafan və Qacaran şəhərlərində formalaşan məişət-çirkab suları ilə davamlı olaraq çirkləndirilir. Hazırda çayın yatağı ekoloji fəlakət zonasına çevrilib. Oxçuçayın kəskin çirkləndirilməsi fauna növlərinin də kütləvi məhv olmasına səbəb olub".

"Bununla yanaşı, Tərtərçay üzərində inşa edilmiş, su tutumu 560 milyon m3 olan və 100 min hektardan artıq əkin sahəsinin suvarılmasına hesablanmış Sərsəng su anbarı texniki xidmət göstərilmədiyindən ətraf ərazilərdə yaşayan 400 min nəfər əhali üçün potensial təhlükə mənbəyinə çevrilmişdi. Su anbarının suyunun ərazinin mövsümü ehtiyacları nəzərə alınmadan qış aylarında buraxılması yaşayış məntəqələri, kənd təsərrüfatı sahələri və kommunikasiya xətlərinin su altında qalmasına səbəb olmuşdu. İsti yay mövsümündə isə suyun qat-qat az miqdarda buraxılması kəskin su qıtlığı və əkin sahələrinin suvarılmasında ciddi problemlər yaratmışdı. Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı Avropa Şurası Parlament Assambleyası tərəfindən 2016-cı ildə qətnamə qəbul edilmişdir".

Ermənilər işğal dövründə Azərbaycanın 48 hidrometeoroloji stansiya və məntəqəsini dağıdıb

"Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları ərazisində hidrometeoroloji müşahidələrin aparılması və erkən xəbərdarlıqların verilməsi məqsədilə fəaliyyət göstərən 48 hidrometeoroloji stansiya və məntəqədən ibarət şəbəkə tamamilə dağıdılıb".

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda keçirilən brifinqdə çıxışı zamanı deyib.

O qeyd edib ki, həmin ərazilərdə hidrometeoroloji müşahidələrin aparılmaması təkcə Azərbaycanda deyil, regional səviyyədə də hidrometeoroloji şəraitin öyrənilməsində, xüsusən meteoroloji proqnozların tərtib edilməsində ciddi problemlər yaradıb: "Hazırda işğaldan azad edilmiş ərazilərdə su ehtiyatlarının qiymətləndirilməsi və nəzarətin gücləndirilməsi məqsədilə 11 çay üzərində 12 hidroloji məntəqənin quraşdırılması tədbirləri həyata keçirilir".

.