Fevral ayında erməni silahlı bölmələri atəşkəs rejimini 3 423 dəfə pozub.

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
Azərbaycan Silahlı Qüvvələrinin Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl, Xocavənd, Goranboy rayonlarında yerləşən mövqeləri erməni silahlı bölmələrinin atəşinə məruz qalıb.

Fevral ayında bütün cəbhə boyu əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altında olub.

Bu ay düşmən tərəfinin Azərbaycan-Ermənistan dövlət sərhədini pozmaq məqsədilə Qazax rayonu istiqamətində həyata keçirdiyi növbəti təxribatı uğursuzluqla nəticələnib. Azərbaycan Ordusunun mövqeləri istiqamətində hərəkət edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupuna məxsus UAZ markalı avtomobil bölmələrimiz tərəfindən xüsusi texniki müşahidə vasitələri ilə vaxtında aşkar edilərək nəzarətə götürülüb. Qabaqlayıcı tədbirlər nəticəsində erməni kəşfiyyat qrupunun irəliləməsinin qarşısı dərhal alınıb.

Fevral ayında cəbhənin Füzuli istiqamətində Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter aşkar olunaraq ələ keçirilib.

.