
Qarabağın uzun müddət işğal altında qalması Cənubi Qafqaz regionunda qeyri-sabitliyə səbəb olub. Hazırda Azərbaycan öz ərazi bütövlüyünü bərpa edən güclü bir dövlətdir.
Bunu Qarabağ Universitetində keçirilən 7-ci ADA Siyasi Forumunun “Geosiyasi dəyişikliklər və onların regional suverenliyə təsiri” panelində Türkiyə Prezidentinin baş müşaviri Çağrı Erhan deyib.
"Qarabağ Azərbaycanın mədəniyyət, sənaye və turizm mərkəzidir. Hazırda dünyada müxtəlif siyasi və iqtisadi güc mərkəzləri mövcuddur. Qarabağın uzun müddət işğal altında qalması Cənubi Qafqaz regionunda qeyri-sabitliyə səbəb olub. Hazırda Azərbaycan öz ərazi bütövlüyünü bərpa edən güclü bir dövlətdir. Türkiyə bu mənada hər zaman Azərbaycanın mövqeyini dəstəkləyib. Türkiyə regionda sülhün və sabitliyin möhkəmləndirilməsini dəstəkləyir. Əlbəttə ki, Qarabağın işğaldan azad olunması təkcə Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın inkişafına mühüm töhfələr verəcək. Hazırda vacib regional əməkdaşlıq platformalarından biri də hər birinizə yaxşı məlum olan "3+3"dür”, - Çağrı Erhan vurğulayıb.
O, eyni zamanda, qeyd edib ki, təkcə avtomobil və digər nəqliyyat dəhlizləri deyil, enerji dəhlizlərinin də inkişafının təşviqi regional əməkdaşlıqda mühüm rol oynayacaq.
Türkiyəli siyasətçi vurğulayıb ki, Azərbaycan qlobal bazarları neft və neft məhsulları ilə təchiz edir.
“Azərbaycan Cənubi Qafqaz regionunda öz maraqları çərçivəsində siyasət yeridən ölkədir və Türkiyə Azərbaycanın bu istiqamətdəki siyasi gedişlərini dəstəkləyir”, - Çağrı Erhan əlavə edib.
.