Ankara Suriyadakı münaqişənin nizamlanması prosesində PKK-nın Suriya qolu olan PYD/YPG terror qruplaşmalarının maraqlarını nəzərə almaq niyyətində deyil. Bunu Vaşinqtonda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.
"Türkiyə PYD/YPG-nin bölgədəki maraqlarını heç vaxt nəzərə almayacaq. Bu əldə etdiyimiz qlobal sazişə ziddir. Biz, bu qruplaşmaların terror vasitəsilə bölgənin dini və etnik quruluşunu manipulyasiya etməsinə imkan verməməliyik”, - deyə Ərdoğan Vaşinqtonda ABŞ prezidenti Donld Trampla görüşündən sonra bildirib.
Ərdoğan bəyanatı türk dilində səsləndirib. ABŞ telekanalları bəyanatı ingilis dilinə tərcümə edərək yayımlayıblar.
Qeyd edək ki, Ankaranın çoxsaylı etirazlarına baxmayaraq, ABŞ İŞİD-lə mübarizədə Suriya kürdlərinə hərbi dəstək göstərməkdə davam edir
Ankara və Vaşinqton Suriya və İraqda birgə addımların variantlarını nəzərdən keçirirlər. Bunuda Ərdoğan amerikalı həmkarı Donald Trampla Ağ Evdə görüşü zamanı deyib.
"Biz Suriya və İraqda göstərə biləcəyimiz ümumi səyləri nəzərdən keçiririk”, - deyə Ərdoğan bildirib. Türkiyə lideri qeyd etdiyi səylərin mahiyyətini açıqlamayıb.
Donald Trump isə öz növbəsində PKK və İŞİD kimi terror qrupları ilə mübarizədə ABŞ Türkiyəni dəstəklədiyini bildirib.
"Bu gün biz yeni düşmənlə üzləşmişik və onunla birlikdə mübarizə aparmalıyıq. Biz son vaxtlar bir çox terror hücumları ilə üzləşmişik, biz birlikdəyik və Türkiyə xalqına dəstəyimizi təklif edirik. Biz terrorla mübarizədə öndə gedən, İŞİD və PKK kimi terror qruplaşmaları ilə mübarizə aparan Türkiyəni dəstəkləyirik”, - deyə Tramp qeyd edib.
Ərdoğan ABŞ-ı Yaxın Şərq regionunda əməkdaşlığa çağırıb və bunun bütün dünya üçün çox əhəmiyyətli olduğunu vurğulayıb.
O, Ankaranın Vaşinqtonla əlaqələri daha da genişləndirmək niyyətində olduğunu qeyd edib.
"Anadolu” xəbər verir ki, Ərdoğan amerikalı həmkarı ilə görüş zamanı Ankara və Vaşinqton arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib.
"Biz terror təşkilatları ilə mübarizə adı altında bölgənin dini və etnik xəritəsinin dəyişmək cəhdlərinin qarşısını almalıyıq. Bölgədə bütün terror təşkilatları ilə mübarizədə həmrəyliyin nümayiş etdirilməsi çox əhəmiyyətlidir. Biz aralarında heç bir fərq qoymadan birgə gələcəyimiz üçün təhlükə yaradan bütün terror təşkilatları ilə mübarizə aparmalıyıq”, - deyə Ərdoğan qeyd edib.
"İstənilən dövlətin YPG terrorçuları ilə əməkdaşlıq etməsi, qlobal səviyyədə məsələ iləbağlı əldə olunan sazişə tamamilə ziddir”, - deyə Ərdoğan vurğulayıb.
ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüşü zamanı FETÖ ilə əlaqədə ittiham olunan amerikalı keşiş Endryu Bransonun azadlığa buraxılmasını da xahiş edib.
"Prezident Tramp keşiş Endryu Bransonun həbsi məsələsini qaldıraraq, Türkiyə hökumətindən onun tezliklə ABŞ-a göndərilməsini təmin etməyi xahiş edib”, - deyə məlumatda bildirilir.
Türkiyədə hərbi çevriliş cəhdinin qarşısı alındıqdan sonra FETÖ ilə əlaqədə ittiham olunaraq həbs edilən şəxslər arasında amerikalı keşiş Endryu Branson da var. Onun barəsində 2016-cı ilin oktyabrından həbs qətimkan tədbiri seçilib.
