Türkiyə münaqişəyə son qoymaq üçün Rusiya və Ukrayna arasında danışıqların tezliklə bərpasının tərəfdarıdır.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündə deyib.

"Biz Rusiya ilə Ukrayna arasında qarşıdurmaya tez bir zamanda son qoymaq və münaqişənin ədalətli həllinə imkan yaratmaq üçün danışıqlar masasına qayıtmağı zəruri hesab edirik", - Türkiyə dövlət başçısı vurğulayıb.

Ərdoğan bildirib ki, Türkiyə Rusiya və Ukrayna ilə yüksək səviyyəli danışıqlar zamanı əsas diqqəti noyabrın 19-da başa çatacaq taxıl müqaviləsinin uzadılmasına yönəldəcək.

Qeyd edək ki, Rusiya və Ukrayna ilə yüksək səviyyəli diplomatik səylər nəticəsində taxıl dəhlizinin fəaliyyəti bərpa edilib, həmçinin yaxın vaxtlarda əsas səylərin uzadılmasına yönəldilməsi qərara alınıb.

Türkiyə Prezidenti Finlandiya və İsveçin NATO-ya üzvlük şərtlərini xatırladıb

Türkiyənin Finlandiya və İsveçin NATO-ya qoşulma ərizələrini təsdiqləməsi onların Madrid memorandumu çərçivəsində terrorla mübarizə üzrə öhdəliklərini yerinə yetirməsindən asılı olacaq.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündə bildirib.

Ərdoğan deyib ki, Türkiyə-İsveç-Finlandiya üçtərəfli memorandumuna dair ratifikasiya prosesinin sürəti bu ölkələrin atacağı müvafiq addımlarla müəyyənləşəcək.

Qeyd edək ki, Finlandiya və İsveçi NATO-ya qəbulu üçün Türkiyə üzvlük protokolunu ratifikasiya etməlidir.

Xatırladaq ki, bu il iyunun 28-də NATO-nun Madriddə keçirilən Zirvə toplantısında Türkiyə, Finlandiya və İsveç arasında Üçtərəfli Memorandum imzalanıb. Memorandum çərçivəsində yaradılmış Daimi Birgə Mexanizmin ilk iclası avqustun 26-da Finlandiyanın Vantaa şəhərində keçirilib. Oktyabrın 5-6-da isə Ankarada Türkiyə Ədliyyə Nazirliyinin rəsmiləri İsveçdən olan həmkarları ilə görüşüblər.

.