Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 1-2-də Şotlandiyanın Qlazqo şəhərində keçirilən 26-cı Birləşmiş Millətlər İqlim Dəyişikliyi Konfransına (COP26) getməməyinin səbəbini izah edib.

Romada keçirilən G-20 sammitindən dönərkən təyyarədə jurnalistlərin suallarını cavablandıran R.T.Ərdoğan deyib ki, konfransda diplomatik təhlükəsizliyin təminatı olmadığı üçün bu təklifi qəbul etməyib: “Bizim tələb etdiyimiz təhlükəsizlik protokolu standartlarımız var. Bu, bütün beynəlxalq səfərlərimizdə bizə və bütün digər liderlərə hər zaman tətbiq olunan standartlardır. Ancaq bizə dedilər ki, bunlara son anda nail olmaq mümkün deyil. Sonradan öyrəndik ki, qəbul edilməyən müraciətimizdəki standartlar müstəsna olaraq başqa ölkə üçün təqdim oluna bilər. Bu da diplomatik qaydalara uyğun gəlmir. Biz bunu qəbul edə bilməzdik”.

Türkiyə Prezidentinin sözlərinə görə, Böyük Britananiyanın Baş naziri Boris Conson da məsələyə müdaxilə edib, lakin problem həll olunmayıb: “Son anda Boris Conson bizə dedi ki, Şotlandiya tərəf çətinlik çəkir, tələblərimiz yerinə yetirilmədiyi üçün Qlazqoya getməkdən vaz keçdik”.

Ərdoğan deyib ki, bu məsələ təkcə təhlükəsizliklə deyil, həm də Türkiyənin reputasiyası ilə bağlı olduğu üçün bu səfərdən vaz keşib: “Biz millətimizin etibarını qorumaq üçün məsuliyyət daşıyırıq. Ölkəmizin ləyaqətinə, şərəfinə heç bir yerdə xələl gəlməsinə imkan vermərik. Bununla bir daha göstərdik ki, biz yalnız həmrəy yanaşma ilə daha ədalətli dünya qura bilərik”.

.