İyulun 1-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası liderini - baş nazir Rəcəb Teyyub Ərdoğanı avqustun 10-da keçiriləcək prezident seçkisində namizəd irəli sürüb. Namizədin irəli sürülməsi qərarını hakim partiyadan olan bütün deputatlar imzalayıb.
Belə bir qərarın imzalandığını Ədalət və İnkişaf Partiyasının sədr müavini Mehmet Əli Şahin partiyanın iyulun 1-də paytaxt Ankarada yüzlərlə adamın iştirakı ilə keçirdiyi geniş toplantıda açıqlayıb.
1954-cü il fevralın 26-da İstanbulda doğulan Rəcəb Teyyub Ərdoğan Mərmərə Universitetini bitirib. Siyasətlə 1976-cı ildən məşğul olur. 1994-1998-ci illərdə İstanbulun bələdiyyəsinin başçısı postunu tutub. Ədalət və İnkişaf Partiyasını 2001-ci ildə yaradıb. 2003-cü ildən baş nazirdir.
.