"Türkiyə bundan sonra da qardaş Azərbaycana dəstək verməyə davam edəcək".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında deyib.

Türkiyə dövlət başçısının sözlərinə görə, bu gün Azərbaycan Prezidenti ilə keçirdiyi görüşdə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə ediblər.

Ərdoğan qeyd edib ki, Türkiyə regionda dayanıqlı sülhün tərəfdarıdır.

Türkiyə Prezidenti: “Azərbaycan azad edilmiş əraziləri bütün dünyaya örnək olacaq modellə inkişaf etdirir”

“İşğaldan azad edilən bu bölgələrin qısa müddətdə sürtələ inkişaf etməsinə nail olmaq hər siyasətçinin işi deyil”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, bu qədər qısa müddətdə bu sərmayələrin qoyulması bu torpaqlardan bir zaman zorla ayrılmaq məcburiyyətində qalmış azərbaycanlılar üçün müjdə verməyi mümkün edəcək: “İnanıram ki, azərbaycanlı qardaşlarımız qısa müddətdə daha gözəl şəkildə inşa edilən bu torpaqlara qayıtmağa imkan tapacaqlar. Bura gələrkən Füzulini bir yandan Şuşaya, digər yandan cənub sərhədi boyunca Ağbəndə, gələcəkdə də inşallah, Naxçıvana bağlayacaq yolların inşası işlərini gördük. İşçi qardaşlarımızla bir araya gəldik. Bu yollar bölgədə inkişaf edəcək yükdaşımaların adətən, bünövrə daşlarını təşkil edir. Füzulidə bu qədər qısa müddətdə bölgənin qurulması ilə bağlı görülən işlər həm Azərbaycan, həm bölgəmiz üçün qürur mənbəyi və ümidvericidir. Azərbaycan bütün dünyaya örnək olacaq bir inkişaf modeli ilə bu bölgəni inkişaf etdirmək üçün işlərini davam etdirir. Burada təməlini atdığımız tunellər, viyaduklar, yollar buradakı həyatın hansı dərəcədə olduğunu göstərməsi baxımından çox önəmlidir. Bu səylərə liderlik edən İlham Əliyev qardaşımı və hər kəsi, işləri həyata keçirən şirkətləri canı könüldən təbrik edirəm. Türkiyə olaraq biz də bu işlərdə üzərimizə düşəni etməyə, qardaş Azərbaycana bütün imkanlarımızla dəstək olmağa davam edəcəyik”.

Prezident Ərdoğan: “Gün gələcək, Zəngəzurdan çıxıb, İstanbula qədər gedə biləcəyik”

“Bu gün qardaşım İlham Əliyevlə görüşdə iqtisadi sahədə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, enerji, nəqliyyat və Qarabağın inkişafı ilə bağlı layihələrdə mövcud durumu və gələcəyə dair planları dəyərləndirmək imkanı qazandıq. Hamısından öncə isə Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə çıxardığımız əlaqələrimizi necə daha irəliyə apara biləcəyimizi müzakirə etdik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, tək millət, iki dövlət olmanın verdiyi ortaq şüur və ruhla hərəkət edirik: “Azərbaycan bölgənin gerçək potensialının reallaşmasına mane olan işğalı şanlı zəfəri ilə sona çatdırdı. İllərdir, həyata keçirilməyən BMT Təhlükəsizlik Şurasının qərarını özü həyata keçirdi. Vəziyyət bu gün davamlı sülhün təmin olunması və gözlənilən normallaşma yönündə durum heç olmadığı qədər əlverişlidir. Bunun üçün bölgədəki yeni duruma uyğun hərəkət edilməsi gərəkdir. Biz bölgədə davamlı sülh və ətraflı normallaşmaya tərəfdarıq. Bu coğrafiyadan keçəcək avtomobil və dəmiryolları təkcə Azərbaycan və Türkiyə deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq. Gün gələcək, Zəngəzurdan çıxıb, İstanbula qədər gedə biləcəyik. İqdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzi olma mövqeyi möhkəmlənəcək. Bu prosesdən İran, Gürcüstan, Ermənistan daxil olmaqla, Azərbaycanın bütün qonşuları istifadə edəcək. Xülasə, bu layihələr kimisə kənarda qoymaq deyil, layihəyə daxil etmək üçün üçündür”.

Ərdoğan Ermənistanı Azərbaycanla sərhədlərin tanınması məsələsini həll etməyə çağırıb

“Bu dövrdə sərhədlərin müəyyənləşməsi və qarşılıqlı olaraq tanınması zəruridir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, yaxşı qonşuluq əlaqələrinin təməlini də bu anlayış formalaşdırmaqdadır: “Bu məsələlərdə Ermənistanın Azərbaycanla problemlərini həll etməsi yönündə səmimi iradə nümayiş etdirməsi lazımdır. Ermənistanın Azərbaycana münasibətdə səmimi iradə ortaya qoyacağı halda, Türkiyənin Ermənistanla əlaqələrinin də normallaşmasının önündə bir əngəl qalmayacaq. Bütün bölgə üçün birlikdə qurulacaq bir gələcəyi kiçik maraqlara və daxili siyasətə qurban vermək zaman itkisi anlamına gələcək. Dünyanın bu gözəl bölgəsində sülh içində yaşanacaq parlaq bir gələcək mümkündür. Türkiyənin də daimi barışın təsis edilməsi yönündə atılacaq hər müsbət addımın qarşılığını eyni konstruktiv anlayışla verəcəyini bir daha vurğulayıram”.

.