
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda “Milgem” layihəsi çərçivəsində Pakistan üçün inşa edilən üçüncü dəniz patrul gəmisinin suya buraxılması mərasimində iştirak edib.
Terrorla mübarizə ilə bağlı açıq mesajlar verən Ərdoğan, hər cür terrorla mübarizənin sərhədlər daxilində və xaricində davam edəcəyini bəyan edib.
“Terrorçuları silahla təmin edənlər bizə dərs keçə bilməz. Türkiyəni müdafiə sənayesi sahəsində dünya liderlərindən birinə çevirənədək dayanmayacağıq, mübarizəmizi davam etdirəcəyik”, - deyə Ərdoğan bildirib.
O qeyd edib ki, Türkiyə son illərdə əldə etdiyi irəliləyişlərlə bölgəsində mühüm qlobal aktora çevrilib.
“Biz heç kimin razılığını almırıq”, - deyə dövlət başçısı vurğulayıb.
Ərdoğan: “Türkiyə, Azərbaycan və Pakistan əməkdaşlıqlarını genişləndirirlər”
Türkiyənin Pakistan və Azərbaycan ilə üçtərəfli əməkdaşlığı sürətlə inkişaf edir. Bunu prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Pakistanın baş naziri Şahbaz Şəriflə birgə mətbuat konfransında deyib.
O, danışıqların nəticələrini şərh edərkən bildirib ki, Türkiyə və Pakistan liderləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər.
Prezidentin sözlərinə görə, tərəflər həmçinin ümumi gündəliyin mühüm regional və beynəlxalq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Şahbaz Şərif də öz növbəsində Türkiyənin qoşulması ilə Çin-Pakistan İqtisadi Dəhlizinin genişləndirilməsini təklif edib.
Baş nazir bunun tərəflər üçün “əla imkanlar” açacağını vurğulayıb.
.