Reytinq rekordları qıran "Kurtlar Vadisi Pusu” serialının çəkilişlərini həyata keçirən "Pana” film şirkəti qalmaqal yaradacaq növbəti layihə ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır.
Anspress-in məlumatına görə, şirkət, mövzusu Səlcuqlu imeratorluğu dövründəki "Xaşxaşilər” təriqəti olan serial çəkməyi planlaşdırır.
Serialda Hassan Sabbah, sultan Alparslan, vəzir Nizamul Mülk, Ömər Xəyyam və s. tarixi obrazlara yer veriləcək.
Serialda çəkiləcək aktyor heyəti barədə hələlik məlumat verilməsə də, heyətin yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacağı bildirilir.
"Xaşxaşilər” 1090-cı ildə "İsmaililər”dən ayrılan Hassan Sabbahın qurduğu təriqətdir. Bu təriqət nüfuzlu müsəlman siyasət adamlarına, əsasən də Abbasi və Səlcuqlulardan olan dövlət adamlarına qarşı törətdikləri sui-qəsdlərlə adını tarixə yazıb. Bəzi Qərb mütəfəkkirlərinə görə, axirətdə vəd olunan cənnəti öz adamlarına bu dünyada dadırmaq üçün Hassan Sabbah gizlicə onların yeməklərinə xaşxaş qarışdırdığı üçün təriqət belə adlanıb.
Mövzunun Ərdoğan və Gülənlə əlaqəsi isə, Fəthullah Gülənin rəhbəri oldğu "Xidmət” hərəkatı ilə AKP hökuməti arasında soyuq müharibənin başlamasından sonra o dövrdə ölkənin baş naziri olan Rəcəb Tayyib Ərdoğanın çıxışlarından birində hərəkatı xaşxaşilərlə müqayisə etməsidir.
.