"Nurçular”la bağlı məsələ prezident İlham Əliyevlə baş nazir Rəcəb Tayyip Ərdoğanın görüşündə müzakirə edilib.
Etibarlı mənbədən APA-ya daxil olan məlumata görə, Türkiyənin baş naziri "nurçular”ın hər iki ölkədə təhlükə olduğunu bildirib, onların Azərbaycanda da şəbəkələşməsindən narahatlığını ifadə edib. Məlumata görə, prezident İlham Əliyevə Azərbaycandakı "nurçular”la bağlı siyahı təqdim edilib.
Həmçinin, Ərdoğan mümkün təhlükənin qarşısını vaxtında almasının zəruriliyini vurğulayıb.
Qeyd edək ki, prezident İlham Əliyevlə baş nazir Rəcəb Tayyip Ərdoğanın birgə mətbuat konfransında da bu məsələ ilə bağlı suallar verilib. Prezident İlham Əliyev bildirib ki, Türkiyə-Azərbaycan münasibətlərinə zərər verə biləcək istənilən qüvvənin qarşısı alınır: "Biz imkan vermərik ki, iki dost, qardaş ölkənin arasında kimlərsə nifaq salsın”.
R.T.Ərdoğan isə suala cavabında bildirib ki, ortada bir sıxıntı var və hər iki ölkəni narahat edəcək durum varsa, demək, müzakirə də edilib.
***
Türkiyə Cümhuriyyətinin baş naziri Rəcəb Tayyib Ərdoğan bir qədər öncə Bakıya rəsmi səfərə gəlib. Ərdoğan artıq Azərbaycanda Heydər Əliyev adına beynəlxalq hava limanındadır. Ərdoğanla birgə Bakıya enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, müdafiə naziri İsmət Yılmaz da gəlib.
*** 15 : 00
Azərbaycanın şimal regionunda işgüzar səfərdə olan Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə bu gün Azərbaycana gəlməsi gözlənilən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın səfərini şərh edib. Bu barədə Şeyx Ərdoğanın Bakı səfəri zamanı da Azərbaycanda dini tolerantlığın yüksək səviyyədə olduğunu nümayiş etdiriləcəyini deyib:
"Bu gün Ərdoğan Bakıya gəlir, Əjdərbəyə gəlir. Əjdərbəy məsçidində, həm sünnilər, həm də şiələr bir yerdə namaz qılacaq. Bunu nə Türkiyədə, nə İranda, nə də Rusiyada tapa bilərsən, bunu ancaq Azərbaycanda tapa bilərsən”.
*** 12 : 06
"Millətimiz seçkidə bizə yenidən etimad göstərdi. Bu, xarici siyasətimizə də bir dəstəkdir. Təkcə bizim partiyamız yox, bütün bölgə qazanıb, sülh qazanıb. Qardaş Azərbaycana səfərimizlə dostluq və qardaşlığa verdiyimiz önəmi bütün dünyaya bir daha göstərmiş olacağıq”. Bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən əvvəl hava limanında jurnalistlərə açıqlamasında deyib.
R. T. Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlərini, regional və beynəlxalq məsələləri müzakirə edəcəklərini söyləyib: "Türkiyə-Azərbaycan münasibətləri müstəsna və örnək alınacaq bir keyfiyyət qazanıb. Mükəmməl strateji əməkdaşlığımızla bərabər Cənubi Qafqazda uğurlu layihələrə də imza atırıq. Gürcüstanın da iştirakı ilə reallaşdırılan Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Qars qlobal layihələrdir. Azərbaycan qazını Türkiyəyə və Avropaya daşıyacaq TANAP layihəsini həyata keçirmək və Bakı-Tiflis-Qars layihəsinin tez bir zamanda tamamlanması üçün işlər davam edir”.
Türkiyənin baş naziri Cənubi Qafqazda baş verən prosesləri yaxından izlədiklərini vurğulayıb: "Bölgədə sülhün əldə olunmasına fəal dəstək veririk. Hörmətli Əliyevlə görüşümüzdə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli ilə bağlı fikir mübadiləsi aparacağıq. Xalqlarımız arasında tarixi yaxınlıqdan qaynaqlanan münasibətlər daha da gücləndiriləcək”.
.
