Əhməd Cavad – 130

Milli azadlıq ideyalarını, dövlət müstəqilliyini vəsf etməkdən usanmayan unudulmazsənətkarımızın –Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamında deyilir: “Əhməd Cavad Azərbaycanın ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəstxətti ilə çeçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı milli mfkurədən yoğrulmuşdur. Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir.”

Sərəncamdakı fikirlər şairin ömür yolunun və yaradıcılığının araşdırılmasına, öyrənilməsinə dəqiq və aydın istiqamət verir. Etiraf edilməlidir ki, Ə. Cavadın öyrənilməsi ilə bağlı hələ görülməli iş çoxdur. Bunun üçün dilçilərin və ədəbiyyatşünasların birgə fəaliyyətinə ciddi ehtiyac duyulur. Məsələnin başqa tərəfi də var; sənətkarın ümumtəhsil məktəblərində, eləcə də ali mktəblərdə tədrisi məsələlərinin araşdırılması pedaqoqları, metodist alimləri ciddi düşündürməlidir. İndiyə kimi bu istiqamətdə görülmüş işlər hələ başlanğıc kimi dəyərləndirilə bilər. Şairin keşməkeşli və şərəfli həyatının, yüksək istedadının bəhrəsi olan bədii yaradıcılığının hər yeni nəslin müraciət etdiyi, araşdırdığı qiymətli mənbə olaraq qalacağına şübhə etməmək olar.

İyirminci yüzilliyin başlanğıcında doğma yurdunda və dünyada baş verənləri diqqətlə izləyən həssas, humanist sənətkar fəlakətlə üzləşən insanlara təkcə qələmi ilə deyil, əməli işi ilə də faydalı olmağa çalışırdı. “Beşiyi qanla dolu olan” sovet rejiminin vətəndaş müharibəsinə sürüklədiyi Rusiyada yaşayan soydaşlarımız da digər millətlər kimi, ağır, acınacaqlı illər yaşamağa başlamış, aclıq, xəstəlik kimi dəhşətli bəlalarla üzləşmişdilər. Ə.Cavad xeyriyyə cəmiiyyəti xətti ilə Rusiyadakı soydaşlarımıza yardım üçün səfərlərə çıxmış, dövri mətbuatda çap etdirdiyi çoxsaylı yazıları ilədiqqəti problemin ciddiliyinə çəkirdi. Bu işə daha çox insanı cəlb etməyə səy edən şair həyəcan içində yazırdı:

 

Fəlakət qayğısı şökər başına,

Kim ki yardım etməz öz qardaşına.

Qonşuda göz yaşı və aclıq dərdi,

Yardıma börcludur hər insan fərdi.

 

Yaxın gəl, yaxınsan, uzaqdan baxma,

O göz yaşları ki axar, sənindir.

Vətəndaş, şərik ol, onun dərdinə,

O göz ki yollara baxar, sənindir!

 

Milli dövlətimizin qurulmasından Əhməd Cavad qədər fərəhlənən, sevinən ikinci sənətkar olmuşdurmu?

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını ürəkdən alqışlayan sənətkarın yaradıcılığındakı nikbin notlar o zamankı oxucuların diqqətini dərhal cəlb edirdi. Milli dövlət rəmzlərinin şairdə yaratdığı coşqun hiss-həyəcan onların qəlbinə sirayət edirdi:

 

Köksümdə tufanlar gəldim irəli,

Öpüm kölgən düşən mübarək yeri,

Allahın yıldızı, o gözəl pəri

Sığınmış qoynunda aya, bayrağım!

 

        Milli dövlətin devrilməsindən ən çox sarsılan da Əhməd Cavad olmuşdur. O, kədərini gizlədə bilməmişdir, əslində, ilk illər heç gizlətməyə çalışmamışdır:

 

Kiçik bir quş kimi kölgəsiz, adsız,

Uçduqca uçardım qolsuz-qanadsız.

Əsla keçməyirdi günlərim hədər,

Ah, o gözəl dəmlər, o gözəl günlər!..

 

Daha sonralar isə bol-bol rəmzlər işlətməklə əsir vəziyyətə düşmüş vətəninin “solğun halını” dilə gətirməkdən usanmamışdır. Onun ayrı-ayrı şeirlərində işlətdiyi “duman”, “dumanlı dağlar”, “şimal yeli”, “ay”, “hilal” və s.gizli niyyətini çox tutarlı ifadə edən rəmzi mənalı söz və ifadələrdir. Lakin “çekist ruhlu” bolşevik tənqədçilər, şairin “qələm dostları” yatmamışdılar, onlar Ə.Cavadın hər əsərini zərrəbinlə oxuyur, “cümhuriyyət nəğməkarı”nın sovet rejimi ilə barışmadığını sübut etmək üçün hər fürsətdən yararlanmağa çalışırdılar. Belə bir şəraitdə yazıb-yaratmaq, əlbəttə, çətin idi. Yaradıcılığının çiçəkləndiyi bir vaxtda güclü təzyiqlərə məruz qalan, izlənilən istedadlı sənətkarın neçə-neçə əsəri işıq üzü görmədi, qəlbində yaşadı və müəlliflə birlikdə qeybə çəkildi...

Maraqlıdır ki, sovet rejiminin sadiq yazarları – şairin bəzi müasirləri onun rəmzlərə müraciətinin əsl səbəbini dərhal duymuş, bunu ona irad tutmuş, belə əsərlərini “mürtəce şeirlər” adı ilə damğalamışlar. Bütün bunlar “Əhməd Cavad kədərinin”poeziyada açıq-aşkar duyulmasına səbəb olmuşdur. Bu, ictimai mahiyyətli milli kədər idi... Bu kədər onun ən müxtəlif əsərlərində, bəzən də obrazlarının dilində eşidilir:

 

Mən ki səndən doymamışam,

Quş qonmağa qoymamışam,

Bir almanı soymamışam,

Kim sənə kəc baxdı, bağlar?!

 

Qazlarının boynu bükük,

Ördəyinə can ağır yük.

Çaldı şahmar, tozladı tük,

Gör nə qanlar axdı, bağlar!..

 

Rəmzlər, eləcə də mətnaltı mənalar şairə əsl niyyətini ifadə etməyə müəyyən imkan qazandırırdı. Bunu, əlbəttə, şairin ideya düşmənləri də anlayırdılar. Nəticədə çarpışma, mübarizə mahiyyətcə dəyişməsə də, ona yeni rəng qatılırdı. Şairin “Göygöl” şeirinə münasibətdə bu, özünü daha qabarıq göstərmişdir. Nədənsə bəzi tədqiqatçılar çox sonralar bu şeirin yalnız təbiət təsvirinə həsr olunduğunu sübut etməyə cəhd göstərmiş, rəmzlərin, mətnaltı mənaların işləndiyini inkar etməyə çalışmışlar. Bununla razılaşmaq mümkün deyildir. Rejimin ədəbi tənqidçiləri bu şeirdə ciddi təhlükə görürdülər. Bunun da əsas səbəbi o idi ki, Azərbaycanın başının üstünü almış dumanınşeirdə dönə-dönə xatırladılması müstəqilliyini itirmiş ölkənin vəziyyətinə açıq-aşkar işarə idi. Müəllif şeirdə yüksək ustalıq nümayiş etdirmişdir:  Göygölün timsalında doğma yurdunun təbii gözəlliyini təsirli bədii boyalarla təsvir edən şair əsir vəziyyətə düşmüş vətəninin dərdlərini də ustalıqla ifadə edə bilmişdir. Maraqlıdır ki, şeirin, demək olar, əksər bəndlərində ilk iki misra təbiət təsvirini, sonrakı iki misra isə müstəqilliyini itirmiş ölkənin ağır vəziyyətini, müəllifin siyasi etirazını, nisgilini əks etdirir. Bunu müəllifin müasirləri çox gözəl anlayırdılar.

 

Dumanlı dağların yaşıl qoynunda,

Bulmuş gözəllikdə kamalı Göygöl!

Yaşıl gərdənbəndi gözəl boynunda,

Əks etmiş dağların camalı Göygöl!

 

Bənddəki “duman”, “yaşıl” kəlmələrini yerinə düşən bədii detal kimi qavramaq tamamilə təbiidir. Lakin şeirin ümumi ovqatı baxımından şair nisgilinin ifadəçiləri olduqlarını, rəmzi anlamda işləndiklərini də etiraf etmək gərəkdir. Bu qoşalığı, qeyd edildiyi kimi, şeirin əksər bəndlərində görmək mümkündür:

 

Bulunmaz dünyada bənzərin bəlkə,

Zəvvarın olmuşdur bir böyük ölkə.

Olaydı könlümdə bir yaşıl kölgə,

Düşəydi sinənə yaralı Göygöl.

 

Bənddəki “yaşıl kölgə”, “yaralı” sözlərini müstəqim mənada qəbul etməyənlər, əlbəttə, yanılmırdılar.

Ölkənin düşdüyü vəziyyətdən və gələcəyindən böyük narahatlıq hissi keçirən şair düşüncələrini yalnız lirik şeirlərində deyil, irihəcmli əsərlərində də gah açıq, gah da üstüörtülü şəkildə, həm də inadkarlıqla ifadə etmişdir. Bu baxımdan onun “Səsli qız” poemasınaxüsusi önəm verilir. Əsərdə epik təsvirlərə xeyli yer verilsə də, yaddaqalan obrazlar da yaradılmışdır. Diqqəti daha çox cəlb edən isə Sara obrazıdır. Şair əsərin ilk səhifələrində oxucunu “Səsli qız” adlandırdığı bir qızla tanış edir. Bu qız gözəl səsi ilə şairi heyran edir:

 

 

 

Sənin səsin, gözəl qız,

Səslərin ən gözəli.

Eşitmədim belə səs

Dünyanı dinləyəli...

 

Sonrakı təsvirlərdən aydın olur ki, bu qızın səsinin şairi cəlb etməsi təsadüfi deyilmiş. Qızın səsi şairə ona görə güclü təsir edibmiş ki, belə gözəl səsin insanları, hətta xalqı zülümdən, ölümdən xilasedə biləcəyindən xəbərdar imiş. Şair kitablarda – “tarixlərdə” Sara haqqında oxuduğu əhvalatı Səsli qıza danışır. Poemanın sonrakı səhifələrindən məlum olur ki, Sara vətənini dərin məhəbbətlə sevən, xalqının azadlığı uğrunda həyatını qurban verməyə hazır olan cəsarətli qızdır...

Poemanın dərin ictimai-siyasi məzmununu duymaq çətin deyildir; şair “tarixlərdə oxuduqlarını” yox, 1920-ci illərdə gördüklərinin onda yaratdığı təəssüratı  ürək ağrısı, hiddət, qəzəb və dərin təəssüf hissi ilə qələmə alır. Poemadakı məğlub ölkədə baş verənlərlə azadlığı əlindən yenicə alınmış ölkəmizdə müşahidə olunanların arasında oxşarlıqlar çoxdur. Suverenliyinə, azadlığına qəsd edilmiş Azərbaycan xalqı milli dövlətinin devrildiyi günü bayram etməyə təhrik olundu...

Unudulmaz sənətkarın ömür yolu, bütövlükdə yaradıcılığı öyrənilməyə və öyrədilməyə layiq olan mötəbər mənbə, misilsiz örnəkdir. Bu istiqamətdəki işinbünövrəsi ümumtəhsil məktəblərində qoyulur. Bu bünövrənin möhkəm, dayanıqlı olması üçün müəllimlərə ciddi metodik köməyin göstərilməsi vacibdir. Şairin məktəbdə tədris edilən əsərləri ilə bağlı ədəbiyyat dərsliklərində maraqlı metodik tövsiyələr, düşündürücü tapşırıqlar verilmişdir. Lakin bununla kifayətlənmək doğru olmazdı. Etiraf edilməlidir ki, xüsusi metodik araşdırmanın aparılmasına ehtiyac vardır. Bunu da unutmaq olmaz ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı bununla bağlı  həm filoloqların, həm də metodist alimlərin qarşısında mühüm vəzifələr qoymuşdur.

 

Söltan Hüseynoğlu,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti.
.