“Forbes” hər il olduğu kimi, yenə dünyanın ən zəngin insanlarının adlarını açıqlayıb.

Son illər futbola yatırım qoyan iş adamlarının sayının artması cədvəldə də özünü əks etdirib.

“Forbes”in araşdırmasına əsasən, dünyanın ən zəngin 10 futbol klubu sahibi bunlardır:

1. Karlos Slim (“Ovyedo”) – 62,8 milyard dollar
Meksikalı iş adamı illərdir ölkəsindəki neft və tütün bazarının inhisarını əlində saxlayır. Rabitə sənayesinə də sərmayə yatıran Slim 2014-cü ildən “New York Times Company”nin əsas sahibi hesab edilir.

2. Frankois Pino (“Renn”) – 42,3 milyard
Fransız təşəbbüskar “Gucci”, “Yves Saint Laurent” və “Balenciaga” kimi önəmli markaları idarə edən PPR Holdinqin qurucusudur. Pino eyni zamanda müasir sənət kolleksiyaçısıdır.

3. Dietrix Mateşits (“Leypsiq” / “Zalsburq”) – 26,9 milyard
Mateşits səhmlərinin 49 faizinə sahib olduğu “Red Bull”un qurucularındandır. Enerji içkisini bütün dünyaya tanıtmaq üçün əsas strategiya ekstremal idman növlərinə sponsor olmaq və 2004-cü ildə öz “Formula-1” komandasını qurmaq olub. Daha sonra özünü futbol sahəsində sınamağa qərar verən Mateşits bu arzusunu “Zalsburq”, “Nyu York Red Bulls” və “Leypsiq” kimi klublarla reallaşdırıb.

4. Roman Abramoviç (“Çelsi”) – 14,5 milyard
Abramoviç sahibkarlıq fəaliyyətinə ötən əsrin 80-ci illərinin sonlarında başlayıb. 1992-1995-ci illər aralığında neft və neft məhsulları ticarəti sahəsində ixtisaslaşmış 5 fərqli idxal/ixracat şirkəti qurub. 2003-cü ildə “Çelsi”ni alan Abramoviçin dönəmində “zadəganlar” 5 dəfə Premyer Liqanın, 5 dəfə İngiltərə Kubokunun, 3 dəfə Liqa Kubokunun, 1 dəfə Avropa Liqasının və 1 dəfə Çempionlar Liqasının qalibi olub.

5. Rikardo Salinas Plieqo (“Mazatlan”) – 12,9 milyard
“Grupo Salinas”ın sahibi Meksikanın üçüncü zəngin iş adamıdır. Əsas investisiya sektorları telekommunikasiya və pərakəndə satış sahələridir. Salinas eyni zamanda sosial problemləri həll etmək və digər humanitar fondlara vəsait toplamaq üçün “Fundacion Atzeca”nı yaradıb.

6. Filip Anşuts (“Los Anceles Qalaksi”) – 10,1 milyard
Müxtəlif sektorlarla maraqlanan amerikalı biznesmen enerji, nəqliyyat, daşınmaz əmlak, qəzet, film, musiqi və idman sahələrinə sərmayə qoyub. Anşutsun sərvəti 10 milyard dollardan çoxdur.

7. Stenli Kroenke (“Arsenal”) – 8,2 milyard
Amerikalı milyarder əsl idmansevərdir. “Kroenke Sports & Entertainment” şirkəti vasitəsilə “Arsenal”, “Denver” (MBA), “Kolorado Rapids” (MLS), “Los Anceles Rems” (NFL) və “Kolorado Avalanç” (NXL) klublarını idarə edir.

8. Şahid Xan (“Fulhem”) - 8 milyard
İş həyatına qabyuyan maşın istehsalı ilə başlayan Xan avtomobil bamperlərində ixtisaslaşmış şirkəti sayəsində milyardlarla dollar qazanmağı bacarıb. Son 10 ildə əvvəlcə NFL komandalarından “Ceksonvill Yaquars”, ardından 2013-cü ildə isə “Fulhem”i alaraq idman dünyasına qoşulub.

9. Silvio Berluskoni (“Montsa”) – 7,6 milyard
“Milan”ı təxminən 30 il idarə etdikdən sonra “rossonyerlər”i çinli investorlara satan Berluskoni İtaliyanın C seriyasında çıxış edərkən “Montsa”nı alıb. Hazırda B seriyasında yer alan “Monza” İtaliyanın ən varlı prezidentinə sahibdir.

10. Zanq Jindon (“İnter”) – 7,4 milyard
Jindon əmlak, pərakəndə satış, idman və maliyyə xidmətləri sahələrində fəaliyyət göstərən “Suning Holdings Group” şirkətinin ən böyük səhmdarıdır. Hazırda bütün dünya üzrə onun şirkətlərində 280 min işçi çalışır.

.