Meksika hakimiyyəti "El Çapo" ləqəbli məşhur nakrobaron Xoakin Qusmanın ABŞ-a ekstradisiyası prosesinə başlayıb.
Publika.az "Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Meksikanın Baş prokurorluğundan bildirilib.
ABŞ-da ona qarşı narkotik qaçaqmalçılığı, qanunsuz dövriyyə və satışı üzrə 7 ittiham irəli sürülüb. Meksika hakimiyyətindən bildirilib ki, ekstradisiya prosedurunu mümkün qədər tez həyata keçirmək istəyirlər.
Qeyd edək ki, yalnız Meksikanın deyil, dünyanın ən güclü narkobaronlarından olan Xoakin Qusman iyulun 11-də həbsxanadan qaçmışdı. Bu, Qusmanın Meksikanın ən güclü mühafizə olunan ciddi rejimli Altıplano həbsxanasından ikinci qaçışı idi.
ABŞ rəsmiləri "Ən böyük balıq” adlandırdığı Qusmanın Meksika türmələrindən qaçma riski yüksək olduğundan onun ABŞ-a verilməsini istəmişdi. Lakin Mexiko Qusmanın daha əvvəl aldığı 24 illik həbs cəzasını məhz Meksikada çəkməsinin lazım olduğunu bildirməklə bu istəyi rədd etmişdi.
"El Çapo” ötən həftəsonu yenidən tutulub. Xoakin Qusman yenidən kanalizasiya yolu ilə qaçmağa cəhd edib, amma Meksika xüsusi xidmət orqanları tərəfindən ələ keçirilib.
Məşhur narkobaronun həbsxanadan qaçışı isə ona 50 milyon dollara başa gəlmişdi. Bura həbsxana rəhbərliyinə və ədliyyə məmurlarına verilən böyük məbləğli rüşvətlər də daxildir. Meksika hökuməti onun ələ keçirilməsi üçün 3,8 milyon dollar mükafat təyin etmişdi.
"Forbes”in hazırladığı "dünyanın ən güclü insanları” siyahısında da yer alan Qusmanın sərvətinin 1 milyard dollar olduğu bildirilir. "Forbes”ə görə, o, 2011-ci ildə dünyanın ən çox axtarılan zəngin cinayətkarları arasında birinci yeri tutub.
.