Kövrək uşaqlıq xatirələri, ata yurdu həsrətinin ifadəsi ilə zəngin "Mənim kəndim” rubrikasına davam edirik. Bu dəfə Parlament Jurnalistlər Birliyinin sədri,Modern.az saytının baş redaktoru Elşad Eyvazlıanadan olduğuKəlbəcərin Sarıdaş kəndi və oradakı uşaqlıq, gənclik illərindən danışır: 

Mənim kəndim...

- Bəri başdan deyim ki, sizə kəndimizin şəklini təqdim edə bilməyəcəm. Kəlbəcərin işğalı zamanı bizim ailə şəkilləri kənddə qaldı.

Kəndimiz - Kəlbəcərin Qərbində yerləşirdi. Sarıdaş kəndi idi mənim kəndim. Hər tərəfdən dağlarla əhatə olunmuşdu. Dağın ətəyi isə sıx meşələr idi. Çox bənzərsiz mənzərəsi var idi.

Kənddə sarı daşlar çox olduğundan adına Sarıdaş deyirdilər.

120-yə yaxın evin az qala hamısı biri-birinə qohum idi. Yuxarı hissədən gələn axar (bizdə çaya axar deyirdilər) kəndimizi bir neçə yerə bölürdü.

Sizə öz üzərimdə müşahidə etdiyim bir məsələni danışmaq istəyirəm. Düz, 23 ildir Kəlbəcər işğal olunub və biz Kəlbəcərdən ayrı yaşayırıq. İnanırsınız, qəfildən sual versəniz ki, bu 23 ildə yadınızda nə qalıb, bu 23 ildə həyatınızda maraqlı hansı hadisələr olub, heç nə danışa bilmərəm... Bu niyə belədir, bilmirəm. Adama elə gəlir ki, bu 23 il yalandandır, sanki bu 23 ildə heç nə dəyişməyib, heç nə baş verməyib. Sanki Kəlbəcərdən sonra həyat dayanıb.

Bu 23 ilin içində yadımda qalan anamı itirməyim, kəndimizin yaşlı adamlarını dünyasını dəyişməyi oldu. İnanın, hər dəfə kəndimizin hansısa yaşlı adamı rəhmətə gedəndə, sanki doğma kəndi yenidən itirirəm, ümidlər ölür, kəndimiz ölür, Kəlbəcər ölür. 

Rahat yaşayış yoxdur. Doğmalarının qəbirlərini ziyarət etmək üçün az qala həftələr lazım olur. Kəndimizin camaatı 20-dən artıq rayonda məskunlaşıb. Ağır dərddir. Təsəvvür edirsiniz, 120 ailə 20-dən çox rayonda məskunlaşdı. Qohum-əqraba yad oldu. Daha yeni nəsil biri-birini tanımır. Bax, mənim kəndim budur...

İndi görün nə günə qalmışıq ki, kəndimizin olub keçənlərini əməlli-başlı adama çatdıracaq bir yaşlı adam qalmayıb. Heç olmasa kəndimizin iyini onlardan alırdıq.

Sanki yaddaşım ancaq Kəlbəcərdə keçirdiyim günlərlə dolub. Başqa bir şeyə yer yoxdur.

İndi kəndimiz deyəndə gözümün qabağında atam canlanır, gözümün qabağında qocalır. Adam qocalmır, sanki əriyir... Elsiz, obasız... Kənd, kəsək yox, qohum-əqrəba hərə bir tərəfdə. Bu yaşlı adam üçün həddən artıq çətindi. Atam qocaldıqca, mənim dünyam qocalır. Yaddaşımdakı kəndim qocalır... Hər şey gücsüzləşir.

Nə bilim, Vallah! Kəlbəcərlə bağlı nəsə soruşsalar, günlərlə danışaram, bəs etməz... Amma yenə də deyirəm, Kəlbəcərsiz keçən 23 il sanki bir saaatdan da az zamandır.  

Evimiz və  atamın kitabları

Evimiz gözümün önündən kino lenti kimi keçir. Həyətimiz, qonum-qonşu, uşaqlıq illəri... Kəndimizin yaşlı adamları...Yollar, məktəbimiz, müəllimlərimiz...

Hər birinin öz dadı, öz rəngi var idi... Həyat o zaman nə mənalı imiş.... 

İndinin özündə də adam əzab çəkə-çəkə, qovrula-qovrula o kəndimizdəki xatirələrin şirinliyində xumarlanmaq istəyir.

Birdən adam kəndi elə istəyir ki, sözün həqiqi mənasında burnunun ucu göynəyir... Burnun ucu göynəmək buna deyirlər.

Kəndin ən maraqlı cəhətlərindən biri də imkana görə adamların biri-birindən fərqlənməməsi idi.

Baxın, atam məktəb direktoru idi. Amma mənimlə hər hansı çoban oğlunun geyimi, məktəb çantası arasında zərrə qədər fərq yox idi. Heç bunun fərqinə varan da yox idi. Hamı sadə, oxşar həyat yaşayırdı.  

Evimizi ən çox divardan asılan şəkillərə görə xatırlayıram. Maraqlı idi. Ağ-qara ailə şəkilləri çərçivəyə salınıb divarları bəzəyirdi. O şəkillər sanki sovet insanın həyat tərzi idi.

Kənd evlərinin quruluşu xeyli maraqlı olurdu. Hərə istədiyi kimi özünə ev tikirdi. Bizim evimiz çox böyük deyildi. Atamın kitabları evimizin ən hörmətli, toxunulmaz "sakinləri” idi.

Haradasa 2000-ə yaxın kitab var idi. O kitabların hər biri bizim üçün müqəddəs sayılırdı. İcazəsiz götürə bilməzdik, götürəndə isə gərək mütləq öz yerinə qoyaydıq ki, sonra atam bilməsin.

Bizim kənddə daş hasarlar olmazdı, camaat meşədən gətirdiyi ağaclarla öz həyətlərini çəpərləyirdi. Kəndin bu başından baxanda o başdakı evin az qala içi görünürdü.

Bizim evin arxasında yol genişlənirdi. Uşaqlarla ora yığışardıq. O vaxt uşaqlar taxtadan və "şarik”li dəmir diyircəklərdən, məftildən araba düzəldərdi.

Bircə mən bacarmırdım. Atam uşaqları hər dəfə araba sürən görəndə arabaları əllərindən alıb evimizin arxasına qoyardı. Deyridi, dərs oxuyun... Atamın qorxusundan heç bir uşaq gəlib öz arabasını götürə bilməzdi. O vaxta kimi ki, atam özü uşaqları çağırırdı, deyirdi arabanızı aparın. Mən arabalar bizim həyətdə olan zaman atamdan xəbərsiz götürüb onları sürürdüm. Uşaqlar kənardan mənə yumruq qıcayırdılar. Ancaq atama görə mənə yaxın gəlmirdilər. Amma atam bilsəydi ki, mən belə edirəm, o məni hamıdan bərk cəzalandırardı. 


Xəyalımda üsyan düzəltmişdim 

Evin kiçik oğlu olmuşam. Qardaşım Bakıda universitetdə oxuyurdu, atam isə başqa kənddə məktəb direktoru idi. Odur ki, evin bütün təsərrüfat işləri mənim boynumda idi. Qoyun, quzu növbəsinə mən gedirdim, həyət-bacaya mən baxırdım.

Bir dəfə qoyun otarmaq növbəsinə getmişdim. Kəndin təxminən 300-ə yaxın qoyununu otlağa apardım. Hər dəfə növbəyə gedəndə özümlə kitab aparardım. Onda da özümlə çox sevdiyim tarix kitabımı götürdüm.

Üsyanlar, hərəkatlar, inqilablar məni çox maraqlandırırdı. "Dekabristlər” üsyanını necə maraqla oxudumsa, 2 saatdan çox vaxtın necə keçdiyini bilmədim. Xəyalımda "dekabristlər” üsyanını SSRİ-də tətbiq edirdim, kəndimizdə lider olurdum...

Bir də başımı qaldırdım, gördüm ki, qoyunlar yoxdur. Bu kəndin bütün qoyunlarının itməsi demək idi. Mən heç bunun məsuliyyətini belə dərk eləmirdim. Qoyunları haradasa bir-iki saat axtarandan sonra tapmayıb kəndə geri qayıtdım.

Kitabı da möhkəm qucaqlamışdım. Ağlımdan da keçmirdi ki, kitabı gizlədim. Kənddə heç olmasa qoyunların o kitaba görə itməsini bilməsinlər.

Kəndə gircək gördüm hamı mənə tərs-tərs baxır. Bir neçə iri yük maşınlarını da hazırlayıblar. Sən demə, qoyunlar gedib qonşu kəndin qoruğuna girib. Onlar da hamısını arxaca salıb şikayət etmək istəyirdilər. Amma kəndin ağsaqalları bir neçə maşınla  gedib qoyunları gətirdi.

O vaxtdan mən qoyuna gedəndə qoymurdular özümlə kitab götürüm, amma gizlin aparırdım.

Atam bizə qarşı çox sərt idi. Ancaq mən hələ kiçik yaşlarımdan o sərtliyin içində özümə qarşı böyük sevgi hissini duymuşdum.

Elə o vaxtdan anladım ki, bu sərtlik bizim tərbiyəmiz, yolumuzdan çıxmamağımız, dərs oxumağımız üçündür. Ailədə verdiyi tərbiyəyə görə atama ömrüm boyu duaçıyam.  

Mənim ilk məhəbbətim 

Atam direktor işlədiyi məktəbin fizika kabinetində binokl var idi. O vaxtı da təbii ki, meşəbəyidən başqa heç kəsdə binokl yox idi. Atamdan nə qədər xahiş etdimsə, binoklu vermədi mənə. Axırda fizika müəlliminə yalvardım. Dedi ki, binoklu sənə verəcəyəm, amma atanın xəbəri olmasın.

Evimizdən 500 metr o yana yamac var idi. Həmin binoklu qoynumda gizlədə-gizlədə yamaca otarmağa quzu aparırdım. Uşaq idim, bilirdim  ki, o binoklu məndə görsələr ya alacaqlar, ya da atama deyəcəklər.

Hamının uşaqlıq məhəbbəti deyilən bir nisgili olur. Mənə də binokl elə bu məhəbbət üçün lazım idi. Yamacdan bir az o tərəfdə xoşuma gələn qızgilin evi yerləşirdi. Binoklla gözümü çəkmədən ora baxırdım. Maraqlısı bu idi ki, o da bunu bilirdi və evlərinin kandarında oturub mənə tərəfə baxırdı.

Təbii ki, o, məni görmürdü. Məsafə çox uzaq idi. Amma binokl onu mənə o qədər yaxın etmişdi elə bilirdim ki, düz mənim yanımdadır. O saat üst-başıma, saçlarıma əl gəzdirirdim...

O binokl sevgisi sonradan gerçəkləşdi. Amma məlum hadisələr başladı. Kəlbəcər işğal olundu. Hərə bir tərəfə dağıldı, yollar yamaclar ayrıldı. Mənə də elə o binokldan baxmaq qaldı.

Dava-dalaşdan - DAVAya

Bizim kəndin maraqlı, indi düşündükcə gərəksiz cəhətlərindən biri də burada aşağı və yuxarı məhəllələr arasında  kütləvi davaların olması idi.

Kəndin klubu aşağı məhəllədə yerləşirdi. Yuxarı məhəllədən nə zaman təkbaşına gedirdinsə, o saat həmin adamı döyürdülər. Söhbət uşaqlardan gedirdi...

Odur ki, biz də qrup  şəklində gedirdik. Nə isə, çox maraqlı illər idi. Dava-dalaşına baxmayaraq...

... Hə, onu da deyim ki, ta uşaqlıqdan hər zaman özümdən böyüklərlə oturub durardım. 11-ci sinfə keçəndə Qarabağ münaqişəsi təzə başlamışdı. Kəlbəcər hələ işğal olunmamışdı.

Amma bizim kənd ermənilərə yaxın olduğu üçün hər evdən kimsə könüllü olaraq kəndi qorumaq üçün təmas xəttinə gedirdi.

Yadımda gəlir, sentyabrın 1-i idi. Bizim sinif 11-ci sinfə keçirdi. Məktəbin həyətində 1-ci sinifdən tutmuş 11-ci sinfə kimi bütün uşaqlar düzülmüşdü. Məktəbin direktoru və kəndin bayaq dediyim döyüşçüləri uşaqlara ürək-dirək verirdilər və onları psixoloji cəhətdən hazırlayırdılar.

Təsəvvür edin ki, bizim sinif sırada ola-ola mən direktorla, kəndimizin kişiləri ilə yanaşı, bütün məktəb uşaqlarına ürək-dirək verirdim. Çünki bizim evdən yaşlı adamlarla mən cəbhə xəttinə gedirdim. Qardaşım tələbə idi, atam da müəllim...

1990-cı il 20 yanvar hadisələri olandan sonra mən öz təşəbbüsümlə kənddən 750 manat pul, bir yük maşını ərzaq yığıb yardım üçün Bakıya yollamışdım.

9-cu sinifdə komsomoldan imtina etmişdim. Divar qəzetində Azərbaycan bayrağının fonunda Tofiq Fikrətin "Millət şərqisi” şeirindən parçalar yazmışdım. O zaman meydan hərəkatlarının, azadlıq şüarlarının yüksəliş vaxtı idi. Qardaşımın tələbəlik vaxtı da o illərə düşmüşdü. Bu təsir də mənə elə ondan keçmişdi. Bir gün də rayon komsomol təşkilatından gəlib məni apardılar. Atam da Bakıda idi. Başladılar məni sorğu-suala tutmağa. Komsomol adamları dedilər ki, sən təxribatla məşğulsan?

Mən də bilmədim nə cavab verim. O zaman rayona Bakıda universiteti yeni qurtaran bir rus dili müəllimi gəlmişdi. Meydan hadisələrini çox yaxşı bilirdi. Dedi ki, bunu buraxın, bu heç fikrini izah edə bilmir, sadəcə təsir altında düşüb. 

Üstümə çımxırdılar ki, get, sonra səninlə söhbət edərik. Amma elə təzə onlardan aralaşmışdım ki, gördüm məni rayon komsomol komitəsinin ikinci katibi çağırır. Ayrıca bir otağa getdik.  Dedi, bu sözü bayaq birinci katib də mənə dedi. İclasda o cür danışmağımıza baxma, biz onsuz o cür danışmalıyıq.

Amma səninlə fəxr edirik. Bu o deməkdir ki, sən sabah universitetdə də, başqa yerlərdə də öz haqqını tələb edə biləcəksən. 

Lənətə gəlmiş, başımızın bəlası qarmon 

Bizim tərəflər musiqiyə, musiqi alətlərinə çox həvəsli idi. O vaxt da bizdən 4 yaş böyük bir qohum uşağın qarmonu var idi. Kəlbəcərin ucqar dağ kəndi ola, qarmon ola. Hamımız o qarmonun həsrətində idik, nədi-nədi bir dəfə əlimiz dəysin ona...

Biz bir neçə dost o uşağın evlərindəki bütün işlərini görərdik: bir dəfə əvəzinə qoyun növbəsinə gedərdik, bir dəfə həyətlərini bellərdik, bir dəfə ev işlərini görərdik. Nə var, nə var ki, qarmonunu 5-10 dəqiqəlyə bizə verəcək.

Bir dəfə onların həyətini belləyəndə atam məni gördü. Heç nə demədi. Amma evə gələndə məni möhkəm cazalandırdı.

Dedi, sən başqasının həyətində niyə işləyirsən? Amma səhəri gün beş dəqiqəlik qarmon üçün yenə o oğlanın yerinə meşəyə oduna getdik. Hardasa 2-3 il o qarmonun hesabına evinin bütün işlərini bizə gördürdü.

Dumanlı cığır, müqəddəs pendir-çörək

Evimizdən yüz metr o yana bir cığır var idi. Yaxın dostlarla ta uşaqlıqdan Kəlbəcər işğal olunana kimi  bütün xoş günlərimiz o cığırda keçib.

Orada oynardıq, yeyərdik, içərdik. Biri evdən pendir gətirərdi, o biri çörək, biri başqa nəsə...  

Həmin cığırda oturub söhbət edə-edə pendir-çörəyimizi yeyərdik. O cığırda, o dostlarla yediyim pendir-çörəyin dadını bu gün də heç nə əvəz eləmir.

Kəndimizin qəribə dumanı var idi. Sanki öz qəmli ruhiyyəsi var idi - adamı qəmginləşdirən bir havası... İndi də o duman yadıma düşəndə dəhşətli sarsıntı keçirirəm.

Bunlar elə bir şeylərdi ki, sözlə ifadəsi mümkün deyil. Bayaq uşaqlıq məhəbbətimi göstərən binokl haqqında danışdım.

O hadisə də yadıma düşəndə birtəhər oluram.

Bir ədəbin tarixçəsi 

Bir maraqlı məqamı da deyim ki, qardaşımdan atam qədər çəkinərdim. Birinci sinifdə oxuyanda dəftərimdən bir-iki vərəq cırıb sinfə tullamışdım. Qardaşım axşam evə həmin vərəqlərlə gəldi və dedi ki, onları ancaq sən tullamış olarsan. Dəftərimi istədi, mən də dəftərimi çıxardım.Yoxladı gördü ki, elə mən cırmışam.

Qardaşım məndən 7 yaş böyükdür. Aramızda çox güclü ədəb-ərkan pərdəsi var idi. Universitetdə oxuyan zaman bir gün Bakıdan kəndə gəlmişdi. Mən bilmirdim ki, o siqaret çəkir və o, da əlbəttə ki, mənim yanımda siqaret çəkməzdi.

Nə təhər oldusa, siqaret qutusu cibindən yerə düşdü. Qardaşım bilmədi ki, nə etsin, siqareti yerdən qaldırmaq əvəzinə özü sürətlə ordan getdi.

Kəndin toylarının da öz səciyyəvi adət-ənənələri var idi. Biz bir qrup uşaqlar idik ki, bütün toylarda mağarı qurmaqdan tutmuş, çay, yemək paylanmasına qədər kömək edərdik. Hamısını səmimi qəlbdən, ürəkdən edirdik. Sanki belə də olmalı idi. Yadımıza heç yemək də  düşməzdi. İş görməklə bərabər istəməzdik ki, bircə müəllimimiz bizi görsün. Ümumiyyətlə, biz müəllimə o zaman ayrı gözlə baxırdıq. Onları müqəddəs hesab edirdik.  

Amma bir müəlliməm vardı... 

Amma bir müəlliməm vardı ki, beşinci sinifdə oxuyanda ona vurulmuşdum. Biologiya müəllimi idi. Kəndimizdə ona "bakılı müəllimə” deyirdilər, amma Tərtərdən idi. Dövrün gənclərindən idi. Başqalarından çox fərqlənirdi. İş elə gətirdi ki, o, bizim sinif rəhbəri oldu.

Çox təmasda olduq və mən də ona vurulmuşdum. Amma bu təbii ki, uşaqlıq xülyası idi. O, sən demə, bunu duyub və ciddi qəbul edib.

Bir dəfə dərs bitəndən sonra məni sinifdə saxladı. Beşinci sinif uşağı idim, yaxamdan tutub üç dəfə məni yazı lövhəsinə vurdu, həm sözlərlə, həm də bu cür qulaqburması verdi. Dedi, sən uşaqsan, belə şeylər sənlik deyil. Gör nə qədər ciddi qəbul etmişdisə,  dərslərimi çox yaxşı bilməyimə baxmayaraq, mənə rüblükdə "2” yazdı. Amma sonra tərtib olunan komissiya o "2”ni düzəltdi. Müəllimə isə "2”nin əsl səbəbini o komissiyada deyə bilmədi.

Məktəblə bağlı daha maraqlı bir məsələ olmuşdu. Doqquzuncu sinifdə oxuyanda bir qız dərs danışırdı. Mən ona göz vuranda müəllimə mənə baxdı və elə bildi ki, müəlliməyə göz vurmuşam. Müəllimə qızardı və sinifdən çıxdı. Sonra buna görə başım bəlalar çəkdi. 

Keçək yenə toylara

Yox, toydan qabaq kəndin yas mərasimlərindən bir neçə cümlə deyim. İnanırsınız, bizim kənddə bir cavan oğlan, əsgərlikdən təzə gəlmiş bir qohumumuz rəhmətə getmişdi. Düz, 7 il kənddə Novruz bayramı keçirilmədi, radio, televizor açılmadı. Nə dəhşətli dəyərlər var idi.

Bizim toylarda qəribə dadlı bir dolma verilərdi. O indi mənim üçün sadəcə yemək xatirəsi deyil, nəsə başqa bir şeydi. O haqda heç danışa da bilmirəm.

Nə qədər ki, uşaq idik, biz də toylarda qol qaldırıb oynardıq, nədənsə çəkinməzdik. Böyüyəndən sonra, haradasa beşinci-altıncı sinifdə oxuyanda hərəmizin öz gözaltısı var idi. Altdan-alta onlara göz qoyardıq. Kənd toylarında bunun ayrı bir zövqü var idi.

Biz indi düşünürəm ki, zövq naminə kimisə istəmişik. O zaman  bəlkə heç birimizin ailə qurmağı düşünüb sevdiyimiz qız yox idi. Biz onları bir xəyal kimi sevərdik... 

Bir dəfə də... 

Bir dəfə bizim məktəbdən beş uşağı yığıb rayon mərkəzinə şahmat yarışmasına apardılar. Məktəbimiz çox güclü idi. Mən də o siyahıda idim.

O biri uşaqların hamısının rəqibi oğlanlar oldu və hamısı da qalib gəldi. Bircə mən qalmışdım və mən də qalib olsaydım, rayon birinciliyini biz qazanacağdıq.

Tərslikdən mənə qız rəqib düşdü. Ona bir baxdım, iki baxdım, vallah, düşündüm ki, onu udmaq heç yaxşı deyil. Amma uda bilərdim. Gedişlərindən görürdüm ki, o qədər də güclü oynamır.

Amma bilərəkdən uduzdum. Ömrüm boyu qadına qalib gəlmək ürəyimdən belə, keçməyib.

Nə isə... Elə qapıdan çıxmışdıq ki, idman müəllimi boynumun arxasına bir şillə vurdu. Sən demə o, hər şeyi hiss edibmiş.  Səhəri gün məktəbdə məni sıranın qabağına çıxarıb o ki var, danladılar. Qəsdən uduzduğumu, məktəbin adına xələl gətirdiyimi dedilər. Hamı məni qınadı

Amma mən o zaman təsəvvür edə bilmirdim ki, bir xanımı necə udmaq olar. 

Heyf o günlərdən... 

- Yaz girəndən 10-15 gün sonra Azərbaycanın demək olar ki, hər yerindən Kəlbəcərə elat camaatı, tərəkəmələr gələrdi. Yaylaqlara bizim kənddən gedirdilər. Yadıma gəlir ki, biz heç vaxt dəvə görməmişdik. Elatın dəvələri bizim üçün çox maraqlı idi. Yaxınlaşmaq istəyirdik, amma tərəkəmə itləri çox təhlükəli idi. Heç bircə quzuya da yaxın düşə bilməzdik. Elat camaatı bizə çox qəribə gələrdi. Görərdik ki, atın, dəvənin belində qadınlar var. İnana bilmirdik buna. 

Sonradan Qarabağ münaqişəsi başlandı. Elat daha yaylaqlara gəlmədi.

Amma bizim kəndin də öz yaylağı var idi. Yəni yay girən zaman kənddə çox qoyun-quzusu, mal-qarası olan adamlar yaylaqlara köçürdülər. Orada alaçıqlar qurar və bütün yayı orada qalardılar.

Bir-iki dəfə qohumlara qoşulub mən də o yaylaqlara getmişəm. Alaçıq deyirdim ha, bax dünyanın ən gözəl evi, yeri mənim üçün ora idi. Sərin və doğma havası var idi.

El payıza yaxın kəndə köçərdi. Sonradan o yaylaqların yanından keçəndə adama qəribə bir qəmginlik gələrdi.

Adam heç özü də bilməzdi ki, niyə kövrəlir. Birinin alaçığının ipi qalırdı, birinin yanmış ocaq yerinin torpağa qarışmış külü, o birinin mıxı ...

Hamısı adama kövrəklik gətirirdi."Oba köçüb yurdu qalıb” misalı kimi...

Necə ki, Kəlbəcərin axırı da belə oldu...

Faciəvi sonluq, ayaqyalın qadın, tərkedilmiş kənd 

1993-cü ilin aprelin əvvəlləri idi. Mən də hərbi çağırışçılar tərkibində zastavada döyüşürdüm.

Bizə "ratsiya” ilə xəbər verdilər ki, artıq Kəlbəcər işğal olunmaq ərəfəsindədir. Camaat kəndi tərk etməlidir. Komandir də çıxıb getmişdi, bilmədik ki, nə edək. Zastavadan kəndə 35 km yol var idi. Aprelin əvvəli, dağ olduğu üçün az qala boğaza qədər qar var idi.

35 kilometr yolu qarı yara-yara kəndə çatdım.

Bax, o zaman qarşılaşdığım səhnəni mən heç cür təsəvvür edə bilmirəm. İndi də yadıma salanda ürpəşirəm. Kənd boş, evlərə girirəm, sobanın hənirtisi var, ocaq üstündəki yeməyin istisi var, amma insan yoxdur. Təsəvvür edirsinizmi, nə deməkdir, bu?

Bir evə girirəm, istisi qalmış çaydanı görürəm, o biri evdə yarımçıq qalmış yeməyi. Bu mənzərəni Allah kimsəyə göstərməsin.

Tək idim. Təkcə kəndi tərk etməyən tək-tük yaşlı qocalar, qarılar qalmışdı. O yazıqları da yəqin ki, sonradan girov götürdülər.

Birinci əlbəttə ki, öz evimizə gəlmişdim. Çox ac idim. Amma o mənzərəni görəndən sonra çörək dolu tabağa yaxın da getmədim. Tüklərim biz-biz olmuşdu. Bilmirdim ki, nə edim. Kəlbəcərin bütün kəndləri elə idi.

Nəhayət, kəndi tərk etdim. Kənd camaatı qonşu Yanşaq kəndində idi. Atamgili orda tapa bildim. Anam gözümə dəymədi, Rəhmətlik deyib ki, Elşadı qoyub heç yerə getməyəcək. Ayaqyalın, başı açıq kəndə sarı geri qaçıb. Mən anamı tapdımMəni görəndə üzərimə qaçıb qucaqladığı səhnəni heç zaman unutmaram.

Mən o günləri tam dolğun təsəvvür edə bilmirəm.

Lənətlənmiş yuxular... 

Bayaq cığır deyirdim. Dostlarımla yığışdığım dumanlı cığır. Yuxularda tez-tez o cığırı görürəm. 

Evimizi, uşaq vaxtı yatdığım çarpayını görürəm. Kəndimizin özünü görürəm. Amma indi çox güman həmin kənddən bir əsər-əlamət qalmayıb.

Kol-kosun basdığı xarabalığa çevrilib. Düşünürəm ki, o kənd hər şeyin acığına özü özünü o cür xarabalığa çevirib.

Oranın qəbiristanlığında mənim çox yaxın qohumlarım uyuyur. O kəndin keşiyini indi həmin qəbiristanlıqdakı ruhlar çəkir. Bizim kimi dirilərdən, onlar kimi ölülər daha xoşbəxtdirlər.  

.