Ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qiyabi hökm oxunub.
Hökmə əsasən, təqsirləndirlən Elşad Abdullayev 15 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, bu il mayın 2-də Abdullayev Elşad İslam oğlu Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilərək Baş Prokurorluğun İstintaq idarəsinə çağırılıb.
Çağırışa gəlməyən E.Abdullayev barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
İbtidai istintaqın yekununda E.Abdullayevə Cinayət Məcəlləsinin 137.5.2-ci (İnsan orqanlarının və toxumalarının alqı-satqısı, qanunsuz donorluğu və transplantasiyası, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1, 311.3.2, 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) və 29, 312.2-ci (rüşvət verməyə cəhd etmə) maddələri ilə ittiham elan olunub.
Qənimət Zahidova hökm oxunub
Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Qənimət Zahidovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qiyabi hökm oxunub.
Hökmə əsasən, Qənimət Zahidov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Zahidov Qənimət Səlim oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilib. Bakı şəhər Səbail rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkən tədbiri seçilib. İstintaqdan gizlənən təqsirləndirilən şəxsə ittiham elan edilməsi üçün 4 avqust 2018-ci il tarixdə Fransa Respublikasının səlahiyyətli orqanlarına müraciət olunub, lakin tutulması və ekstradisiyası mümkün olmayıb.
18 sentyabr 2025-ci il tarixdə İctimai Televiziya və Radio vasitəsi ilə Qənimət Zahidov 20 oktyabr 2025-ci il tarixdə istintaqa dəvət olunub, lakin istintaqa gəlməyib. Cinayət Prosessual Məcəlləsinin 467-13.6 və 467-13.7-ci maddələrinə əsasən təqsirləndirilən Qənimət Zahidov barəsində Binəqədi Rayon Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli qərarı ilə qiyabi icraat açılıb və müdafiəçi ilə təmin edilib.
İş üzrə toplanmış sübutların məcmusuna əsasən 18 sentyabr 2025-ci il tarixdə Qənimət Zahidova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsi üzrə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilib, lakin Azərbaycan Respublikası hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan etmək mümkün olmayıb.
İttihama görə, Qənimət Zahidov 4 iyul və 15 iyul 2018-ci il tarixlərində “Youtube” platformasında Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqini təşviq edən açıq çağırışlar yayıb.
Cinayət işi üzrə ibtidai istintaq noyabrın 17-də tamamlanıb.
.
