"Azərbaycan prezidentinin İrana səfəri zamanı iki ölkə arasında daha sıx əməkdaşlıq və şimal-cənub dəhlizi müzakirə edilib. Orada bu məsələnin üçtərəfli formatda müzakirəsi qərara alınıb”.
APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, İran və Rusiya XİN başçılarının üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, söhbət xüsusilə dəmir yolu əlaqəsinin yaradılmasından gedir: "Aprelin 20-də İran və Azərbaycan tərəfi 8 kilometrlik Astara-Astara dəmir yolu körpüsünün tikintisini müzakirə edəcək. Düşünürük ki, bu layihə ilin sonuna kimi başa çatacaq. Digər müzakirə mövzusu Rəşt-Astara dəmir yolu xəttinin tikintisi olub. Rusiya da bunda maraqlıdır və görüşün Moskvada keçirilməsini təklif edib. Nəqliyyat dəhlizi vacibdir. Terrorizm, narkotik qaçaqmalçılığı üçün razılaşmışıq ki, müvafiq qurumlar üçtərəfli görüşlər keçirsin. Bura digər qurumlar da daxildir. Biz Xəzər dənizinin hüquqi statusu məsələsini də müzakirə etdik. İki gün əvvəl Bakıda işçi qrupunun görüşü oldu. Statusa dair Konvensiyanın qəbulu sülh, təhlükəsizlik və əməkdaşlıq üçün geniş imkan yaradacaq”.
Nazir qeyd edib ki, görüşdə əsas məqsədi şimal-cənub dəhlizini müzakirə etmək olub: "Rusiya ilə XIX əsrdə bu dəhliz var idi. Ermənistanla aramızda münaqişə nəticəsində bu dəhliz fəaliyyətini dayandırdı. Biz fikirləşirik ki, bu dəhlizin işə düşməsi hər üç ölkə üçün vacibdir”.
APA-nın məlumatına görə, görüşdən sonrakı brifinqdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov onu da bildirib ki, ölkəmiz İranla viza ilə bağlı məsələlərin həllinə çox yaxındır:
"Müəyyən irəliləyişlər əldə olunub. Yaxın vaxtlarda Naxçıvanda olduğu kimi xüsusi rejimə oxşar bir rejim tətbiq edilə bilər”, - deyə o vurğulayıb.
.
