
"Azərbaycan inkişafda inqilaba yox, təkamülə üstünlük verir”. APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov macarıstanlı həmkarı Peter Siyarto ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Macarıstandan olan jurnalistin ABŞ prezidenti Barak Obamanın QHT-lər üçün münbit şərait yaratmayan ölkələr sırasında Azərbaycan və Macarıstanın da adını çəkməsi barədə sualına E. Məmmədyarov belə cavab verib.
"Bizim bu çıxışdan xəbərimiz var. Azərbaycan hesab edir ki, inqilabdansa təkamül daha yaxşıdır. Azərbaycan özünün 5 minə yaxın tələbəsini müxtəlif ölkələrə göndərib. Mən inanıram ki, biz daha da irəli getməliyik. Biz uğurlu və firavan şəkildə inkişaf edirik. Azərbaycanda demokratik inkişaf naminə ciddi addımlar atılıb və ölkəmiz Qərbin, Avropanın beynəlxalq təşkilatları ilə bu istiqamətdə əməkdaşlıq edir. Azərbaycan öz inkişafında uğur hekayəsi yazıb”, - deyə nazir bildirib.
P. Siyarto isə bildirib ki, Macarıstan barədə səsləndirilən ittihamlar əsassızdır: "Macar xalqı müstəqilliyini qan bahasına alan, mübarizə aparan xalqlardandır. Macarıstanın baş naziri özü demokratiya uğrunda mübarizə aparıb. Macar demokratiyası özünü təsdiq edib. Düşünürəm ki, Macarıstanın xalqı da anti-demokratik addımlara imkan verməz”.
.