Xarici işlər naziri Elmar Məmmədyarov ölkədə səfərdə olan Avropa Şurasının (AŞ) baş katibi Turbyorn Yaqlandın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən yenizaman.az-a verilən xəbərə görə, T. Yaqlandı salamlayan nazir Azərbaycan ilə AŞ arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Ermənistan-Azərbaycan münaqişəsi haqda həmsöhbətinə ətraflı məlumat verən E. Məmmədyarov, münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyini qeyd edib. O, Ermənistanın işğalçı siyasətinə son qoymayınca və münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmayınca regionda sabitlik və təhlükəsizliyin təhdid altında olacağını və qeyri-müəyyənliyin davam edəcəyini söyləyərək, münaqişənin bu günədək həll olunmamasının regional inkişafa maneə törətdiyini söyləyib.
Görüş zamanı Azərbaycanla AŞ arasında əməkdaşlıq, ölkənin AŞ-dəki sədrliyi müzakirə olunub və AŞ-nin gündəliyində duran aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
.
