
Oktyabrın 2-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Strasburqda AŞ PA-nın payız sessiyasında çıxış edib. Onun çıxışı Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ilə bağlıdır.
Elmar Məmmədyarov çıxışa başlayan kimi zalda etiraz səsləri eşidilib. AŞ PA prezidenti Ann Brassör zalda sakitliyə çağırıb.
Məmmədyarov çıxışına Ukraynadakı böhrandan başlayıb. O deyib ki, Nazirlər Komitəsi sentyabrın 5-dəki atəşkəs sazişini alqışlayır.
Nazir ölkədə korrupsiya ilə mübarizədə aparılan işlərdən danışıb, bu mübarizənin ölkə üçün prioritet olduğunu vurğulayıb.
Məmmədyarov Nazirlər Komitəsinə sədrlik çərçivəsində sentyabrda keçirilən dini tolerantlıq konfransını xatırladıb. Nazir Azərbaycanın dini tolerantlıq göstəricilərinə görə öndə gedən olduğunu bildirib.
Bakıda keçirilən IV Beynəlxalq Humanitar Forumdan danışan Məmmədyarov deyib ki, bu mötəbər tədbirə dünyanın bir çox ölkələrindən alimlər, dövlət xadimləri qatılır.
Elmar Məmmədyarov çıxışında insan haqları pozuntularına dair beynəlxalq tənqidlərə cavab verməyib, ancaq ölkədə fundamental azadlıqların necə qorunmasından danışıb.
"Sizi əmin edirəm ki, gələn ay sədrliyimiz başa çatandan sonra əməkdaşlığı davam etdirəcəyik” - o deyib.
"İnternetə hər hansı qadağa, sui-istifadə halları yoxdur” - nazir əlavə edib.
İspaniyadan olan deputat Pedro Agramunt iyulda Dağlıq Qarabağda nə baş verdiyini, Rusiyanın həmin əraziyə əsgər göndərib-göndərmədiyini soruşub.
Pedro Agramunt insan haqları üzrə məruzəçidir. O, həm də siyasi məhbuslar məsələsini araşdırmalı, məruzə hazırlamalıdır. Maraqlıdır ki, ispaniyalı deputat Məmmədyarova ölkədəki həbslər, beynəlxalq qurumların repressiyaların dayandırılmasına dair çağırışlarla bağlı sual verməyib.
Elmar Məmmədyarov bu suala cavabında Dağlıq Qarabağ münaqişəsinin tarixindən danışmağa başlayıb: "Bildiyimiz odur ki, Ermənistan qüvvələri geri çəkilməlidir. Davamlı inkişaf barədə danışırıqsa, işğal, bir ölkənin digərini ərazisini işğal etməsi baş verməməlidir. Qaçqınlar öz vətənlərinə qayıtmalıdır”.
Rusiyanın Krımı anneksiya etməsinə dair suala cavabında Məmmədyarov Rusiyanın Ukraynanı işğal etdiyini birmənalı deməyib.
Deputat Tini Kox soruşub ki, Azərbaycan prezidenti İlham Əliyevin insan haqlarına dair dəyirmi masa keçirmək təklifindən sonra niyə yalnız həbslər artıb və niyə bu müzakirənin keçirilməsi üzrə iş yubanır.
Nazir Məmmədyarov bunu yay tətilləri ilə izah edib. O, Bakıda iki gün Qurban bayramı olduğunu, gələn həftədən bu məsələ barədə işə başlanacağını deyib.
"SMDT rəhbəri Anar Məmmədliyə Vatslav Havel mükafatının verilməsi AŞ PA-nın hüququdur” - deyə Elmar Məmmədyarov bildirib.
QHT-lərlə bağlı suala cavabında Elmar Məmmədyarov deyib ki, çox az sayda QHT fəaliyyətində şəffaflıq qaydalarına riayət edir. Qanunvericiliyə dəyişikliklər də hesabatlılığın artırılmasına görədir.
Hakimiyyətin tənqidçilərini susdurması, tənqidə dözümlülük barədə suala cavabında Elmar Məmmədyarov deyib ki, müxalifət qəzetləri onun ailəsindən yazır, ancaq o, bütün bunlara dözümlü yanaşır.
Deputatlardan biri siyasi məhbuslarla bağlı sual verib: ""Amnesty İnternational” Azərbaycanda 20-dən çox vicdan məhbusun olduğunu deyir. Siz də prezidentinizin yay sessiyasında dediyi kimi düşünürsünüz ki, Azərbaycanda siyasi məhbus yoxdur?”
E.Məmmədyarovun bu suala cavabı qısa olub: "Siz elə cavabı da verdiniz. AŞ PA siyasi məhbus anlayışının tərifini verib. Həmin tərifə görə, Azərbaycanda siyasi məhbus yoxdur. Başqa cavab hipotetik olardı. Təşəkkür edirəm”.
İrlandiyalı deputat Maykl Maknamara Leyla Yunus, Rəsul Cəfərov, İntiqam Əliyev və digərlərinin həbsinin Avropa Şurasının nüfuzuna necə təsir etdiyini soruşub.
E.Məmmədyarov deyib: "Cənab Maknamara, biz bu məsələ barədə Bakıda da danışdıq. Sizin və mənim mövqeyim fərqlidir. Siz öz mövqeyinizdə qalın, mən də öz mövqeyimdə. Vəssalam”.
Bununla da Elmar Məmmədyarovun sual-cavab sessiyası başa çatıb ("Azadlıq” radiosu).
***
Oktyabrın 2-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu dəqiqələrdə Strasburqda AŞ PA-nın payız sessiyasında çıxışa başlayıb. Onun çıxışı Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi ilə bağlıdır.
Elmar Məmmədyarov çıxışa başlayan kimi zalda etiraz səsləri eşidilib. AŞ PA prezidenti Ann Brassör zalda sakitliyə çağırıb.
Məmmədyarov çıxışına Ukraynadakı böhrandan başlayıb. O deyib ki, Nazirlər Komitəsi sentyabrın 5-dəki atəşkəs sazişini alqışlayır.
Nazir ölkədə korrupsiya ilə mübarizədə aparılan işlərdən danışıb, bu mübarizənin ölkə üçün prioritet olduğunu vurğulayıb.
Məmmədyarov Nazirlər Komitəsinə sədrlik çərçivəsində sentyabrda keçirilən dini tolerantlıq konfransını xatırladıb. Nazir Azərbaycanın dini tolerantlıq göstəricilərinə görə öndə gedən olduğunu bildirib.
4-cü Beynəlxalq Humanitar Forumundan danışan Məmmədyarov deyib ki, bu mötəbər tədbirə dünyanın bir çox ölkələrindən alimlər, dövlət xadimləri qatılır.
***
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının baş katibi Torbyor Yaqlandla görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA – ya verilən məlumata görə, görüş ölkəmizin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ilə əlaqədar E. Məmmədyarovun Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında iştirakı çərçivəsində baş tutub.
Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində davam edən danışıqlar, Azərbaycanla Avropa Şurası arasında qarşılıqlı əməkdaşlığın hazırkı durumu və inkişaf perspektivləri, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi, Azərbaycanla Avropa Şurası arasında 2014-2016-cı illər üzrə Fəaliyyət Planının icrası, eləcə də regionda və dünyada baş verən proseslərlə bağlı fikir mübadiləsi aparılıb.
.