Azərbaycan və Rusiya arasındakı cari əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır, iki ölkənin mövqeləri bir çox əsas məsələlər üzrə üst-üstə düşür.
Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun iki ölkə arasındakı diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş "Azərbaycan və Rusiya: zamanın sınağından keçmiş əlaqələr" adlı məqaləsində deyilir.
"Əlaqələrimiz qarşılıqlı hörmət və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır. Bu gün - Rusiya ilə tərəfdaşılıq əlaqələri davamlılıq testindən keçən zaman ölkələrimiz arasındakı bütün sahələri əhatə edən əlaqələr sürətlə inkişaf edir", - E.Məmmədyarov bildirib.
O, ölkələrimiz arasındakı hüquqi-saziş bazasının 200-dən çox dövlətlərarası, hökumətlərarası və regionlararası müqavilədən ibarət olduğunu qeyd edib.
"Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Azərbaycanla xarici ticarət əlaqələrinə Rusiyanın 70 regionunun müəssisə və şirkətləri cəlb olunub, ümumi ixrac min addan çox məhsulu əhatə edir. Rusiyanın 40 subyekti ilə ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş imzalanıb. Siyasi və işgüzar dairələrin, region rəhbərlərinin iştirakı ilə keçirilən Azərbaycan-Rusiya regionlararası forumu xoş ənənə halını alıb.
Əlaqələrimiz üçtərəfli formatda regional əməkdaşlıq mexanizmləri ilə daha da zənginləşir. 2016-cı ildə Azərbaycan, Rusiya və İranın prezidentləri və xarici işlər nazirləri səviyyəsində görüşlər keçirilib. Bu formatda əməkdaşlıq transregional əməkdaşlığın inkişafı, o cümlədən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin həyata keçirilməsi baxımından strateji əhəmiyyət kəsb edir", - məqalədə deyilir.
Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın prezidenti Serj Sarqsyan arasında Sankt-Peterburqda keçirilmiş son danışıqlar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazilərini işğal etməsiylə bağlı həlli uzadılmış məsələsinin müsbət həll ediləcəyinə ümid yaratmışdı. Lakin təəssüf ki, bu görüşdən sonra Ermənistan müxtəlif bəhanələrlə danışıqların davam etməsinin qarşısını almağa çalışır".
Bu haqqda da Elmar Məmmədyarovun iki ölkə arasındakı diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş "Azərbaycan və Rusiya: zamanın sınağından keçmiş əlaqələr" adlı məqaləsində deyilir.
"Ölkəmiz münaqişənin beynəlxalq hüquq çərçivəsində danışıqlar vasitəsilə sülh yolu ilə həllinin tərəfdarıdır. Buna görə də beynəlxalq ictimaiyyətin bütün məsul üzvlərindən Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində prinsipial mövqe nümayiş etdirmələrini gözləyirik", - məqalədə deyilir.
Eyni zamanda Azərbaycan XİN başçısı BMT Təhlükəsizlik Şurasının daimi üzvü, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədri, coğrafi və tarixi baxımdan Cənubi Qafqaz regionu ilə yaxından bağlı olan ölkə kimi Rusiyanın xüsusi rolunu vurğulayıb.
E.Məmmədyarov qeyd edib ki, Ermənistanın Azərbaycanın ərazilərini işğalı davam etdirməsi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməməsi regionda və bütövlükdə ATƏT məkanında sabitliyi pozan və sülhə təhdid olan əsas amildir.
O, terrorizm və mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə Azərbaycan və Rusiya arasındakı birgə əməkdaşlığın regionda sabitlik və təhlükəsizliyə mühüm töhfə olduğunu bildirib. "Azərbaycan gərginliyi azaltmaq və regionda mehriban qonşuluq mühiti yaratmaq üçün xeyli səy göstərir", - məqalədə deyilir.
.
