Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin idarəetmə qaydası məlum olub.
Bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Əsasnaməsi”ndə əksini tapıb.
Əsasnaməyə əsasən, Agentlik öz fəaliyyətini Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.) vasitəsilə həyata keçirir.
Agentliyin fəaliyyətinə Azərbaycan Respublikasının elm və təhsil naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir. Agentliyin direktoru Agentliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
Agentlik direktorunun Azərbaycan Respublikasının elm və təhsil naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini var.
Agentlik direktorunun müavinləri vəzifə bölgüsünə uyğun olaraq fəaliyyət göstərirlər və onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyırlar.
Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
-müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək, həmin siyasətin həyata keçirilməsində iştirak etmək;
- müvafiq sahənin inkişafını təmin etmək;
- müvafiq sahədə normativ hüquqi bazanın formalaşdırılmasında iştirak etmək;
- elm və təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi və əlaqələndirilməsi üçün tədbirlər görmək;
- elmi fəaliyyətlə tədris prosesinin inteqrasiyasının təmin edilməsi məqsədilə tədbirlər görmək;
- elm və təhsil müəssisələrində nəticəyönlü, şəffaf və səmərəli idarəetmə modelini formalaşdırmaq və bu prosesdə müasir idarəetmə texnologiyalarından istifadəni təmin etmək;
- əmək bazarının tələblərinə uyğun olaraq ixtisaslı kadr hazırlığına dair tələbatın müəyyən edilməsi üçün tədbirlər görmək;
- müvafiq sahədə beynəlxalq əməkdaşlığın həyata keçirilməsində iştirak etmək.