İyunun 28-də Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan vəkil Əliabbas Rüstəmov barəsində həbs qətimkan tədbiri seçilib. Vəkilin yaxınları bildirib ki, idarədə Əliabbas Rüstəmova Cinayət Məcəlləsinin 312.2-ci (rüşvət vermə) maddəsilə ittiham irəli sürülüb. Dünən Binəqədi Rayon Məhkəməsinə aparılıb və barəsində 3 aylıq həbs qərarı verilib.
Əliabbas Rüstəmovun yaxınları qeyd edib ki, "Prestij” MMC şirkətin rəhbəri olan İlham Məmmədov adlı şəxs vəkilin əleyhinə ifadə verib. "Guya Əliabbas Rüstəmov ondan hansısa vəzifəli şəxsə rüşvət vermək üçün 95 min manat istəyib. Əslində isə məsələ belədir ki, İlham Məmmədov vergidən yayındığına görə barəsində cinayət işi başlanıb. Əliabbas Rüstəmov isə İlham Məmmədovun nümayəndəsi olub. Qanuna görə vergi borcu ödəniləndən sonra cinayət işinə xitam verilir. Əliabbas Rüstəmov bunu İlham Məmmədova izah edib. İlham Məmmədov da vergi borcunu ödəməyə razılıq verib. Həmin məbləğ də məhz vergi borcunun ödənilməsi üçün verilib. Lakin görünür, Əliabbas Rüstəmovu həbs etmək üçün İlham Məmmədovu onun üzünə qoyublar”, - deyə vəkilin yaxınları vurğulayıb.
Qeyd edək ki, Əliabbas Rüstəmov vətəndaş mövqeyi ilə tanın vəkillərdəndir. O, sosial şəbəkələrdə fəallığı ilə seçilir. Bir müddət əvvəl isə ölkə başçısı müraciət ünvanlamışdı. Həmin müraciətdə korrupsiya faktlarından bəhs edilirdi. Əliabbas Rüstəmovun hədəfə gəlməsinin də məhz ictimai fəallığı və həmin müraciətlə bağlı olduğu ehtimal edilir.
.