Aprelin 9-da Tehranda prezident İlham Əliyev və İran İslam Respublikasının ali rəhbəri Seyid Əli Xameneinin görüşü olub.
Azərbaycan prezidentinin saytının məlumatına görə, görüş zamanı Xamenei bildirib ki, ikitərəfli münasibətlər bundan sonra daha da möhkəmləndiriləcək.
O, iki ölkə arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib, xalqlarımız, dövlətlərimiz arasındakı yaxınlığın və ümumi köklərin münasibətlərimizin inkişafına öz töhfəsini verdiyini qeyd edib.
Ali rəhbər öz ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həllinin tərəfdarı olduğunu bildirib.
Öz növbəsində İrna agentliyi yazıb ki, Xamneyi bildirib ki, sionist rejimi , o cümlədən bəzi qüvvələr İranla Azərbaycan arasındakı münasibətlərindən razi deyil və bunu pozmaq istəyir. Lakin ciddi və qətiyyətli siyasi iradə belə fitnələri məğlubiyyətə uğradır.
Öz növbəsində İ.Əliyev ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini, ölkələrimiz arasında tarixi, mədəni, dini köklərin əlaqələrimizin inkişafı üçün möhkəm zəmin yaratdığını bildirib. Dövlət başçısı Azərbaycanla İranın beynəlxalq səviyyədə bir-birini dəstəklədiklərini vurğulayıb, iqtisadi əlaqələrimizin genişləndirilməsi işində yaradılmış müştərək komissiyanın mühüm rol oynayacağını diqqətə çatdırıb.
Azərbaycan prezidenti ölkələrimiz və xalqlarımız arasında əlaqələrin bundan sonra da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
.