“Yeni amnistiya qərarı Prezidentin tapşırığı əsasında bir müddətdir hazırlanırdı”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlament sədrinin birinci müavini Əli Hüseynli deyib.

Deputat bildirib ki, qərar layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2 noyabr iclasında bu geniş müzakirə edilib: “Bu amnistiya aktı da çox dürüst hazırlanıb. Sənəd 4 hissədən ibarətdir. Preambulada 8 noyabr - Şuşa şəhərinin işğaldan azad olunmasının əhəmiyyəti əks olunub. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağın və Zəngəzurun erməni işğalından azad edilməsi xatırlanıb. Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı erməni təcavüzündən zərərçəkən əhalinin yaxınları və qohumları da bu amnistiyaya aid ediləcək. Amnistiya qərarının 2-ci hissəsi özündə məhdudiyyətləri əks etdirir. 1994-cü ildə Amnistiya aktının məhdudlaşdırılması ilə bağlı qanun var. Cinayət Məcəlləsinin bir sıra maddələrinə amnistiya tətbiq edilməsinə məhdudiyyətlər mövcuddur. Biz əminik ki, Amnistiya qərarı bu gün qüvvəyə minəcək və insanlar azadlığa çıxmağa başlayacaq. Azərbaycanın məhkəmə, hüquq mühafizə orqanları tərəfindən bu qərarın daha tez icrası təmin ediləcək. Eyni zamanda amnistiyaya düşən şəxslərin sosial reabilitasiya məsələləri də əksini tapıb. Təxminən 16-17 min, bəlkə də daha çox şəxsin bu amnistiyaya düşməsi gözlənilir”.

.