Əli Həsənov: "Azərbaycan hakimiyyəti Anar Məmmədlinin həbsi ilə bağlı bəyanatları öyrənir və dəyərləndirir"
"Azərbaycan cəmiyyəti Anar Məmmədlinin həbsi ilə bağlı müxtəlif beynəlxalq təşkilatların, dövlətlərin dəyərləndirmələrini və bəyanatlarını mənasız, əhəmiyyətsiz məsələ hesab etmir".
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Şöbə müdiri qeyd edib ki, Azərbaycan hakimiyyəti bu bəyanatları öyrənir və dəyərləndirir: "Biz bu bəyanatlarda səsləndirilən fikirləri təhlil edirik. Lakin Azərbaycan cəmiyyətinin özünün idarə olunma metodları, prinsipləri və qanuni əsasları var. Azərbaycanın müvafiq orqanları bu və ya digər addımları atmazdan əvvəl ilk növbədə Azərbaycan dövlətinin maraqlarını, qanunlarımızın tələblərini nəzərə alır. Anar Məmmədlinin həbsi ilə bağlı Baş Prokurorluq lazımı açıqlamanı verib və təhqiqat gedir. Başqa yeniliklər olacaqsa, bununla bağlı da açıqlamalar veriləcək”.
Əli Həsənov: "Bəzi postsovet ölkələrində dövlət orqanları azərbaycanlılara qarşı ədalətsiz münasibəti təlqin və təbliğ edir"
"Cənubi Qafqazda ən çox rus Azərbaycanda yaşayır və rus icması bu regionun ən böyük icması hesab olunur”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Ə.Həsənov bildirib ki, Azərbaycanın tolerant ölkə kimi multikulturalizm ənənələrinə malik cəmiyyəti var: "Azərbaycan dövləti milli, etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq, hamını bütün maddi-mənəvi dəyərlər, qanunlar qarşısında bərabər elan edib. Eyni zamanda Azərbaycan dövləti ölkədə yaşayan bütün milli azlıqlara hörmət aşılayır, onlara xoş münasibəti təlqin və təbliğ edir. Məhz milli və dini tolerantlıq Azərbaycanı fərqləndirən əsas xüsusiyyətlərdən biridir. Heydər Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanda yaşayan milli, dini azlıqlar, o cümlədən ruslar ölkəmizin milli-mədəni zənginliyinin mühüm tərkib hissəsi, xalqımızın mədəni sərvətlərinin vacib daşıyıcılarındandırlar. Bu gün də Azərbaycan dövlətinin yeritdiyi siyasət bütövlükdə ona ünvanlanıb ki, dini və milli kimliyindən asılı olmayaraq, hər bir vətəndaş dövlət qarşısında, qanunlar qarşısında özlərini bərabər hiss etsin”.
Bununla belə, Ə.Həsənov ayrı-ayrı postsovet ölkələrində yaşayan azərbaycanlıların eyni xoş münasibətlə üzləşmədiyini qeyd edib: "Bəzən orada azərbaycanlıların milli-vətəndaş hüquqları kobud şəkildə pozulur, bəzən dövlət orqanları azərbaycanlılara qarşı ədalətsiz münasibəti təlqin və təbliğ edir. Bax, bu anlamda Azərbaycan dövləti, cəmiyyəti digər dövlətlərdən, cəmiyyətlərdən xüsusilə fərqlənir”.
.
