
ABŞ prezidenti Barak Obamanın Azərbaycanda vətəndaş cəmiyyətinə basqıların olduğu barədə bəyanatına Prezident Administrasiyasından da cavab verilib. Administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov AzərTAc-a açıqlamasında Obamanın bəyanatını, eləcə də son günlər beynəlxalq səviyyədə Azərbaycandakı vəziyyətlə bağlı səslənən başqa tənqidləri qərəzli və qeyri-obyektiv aqdlandırıb.
"İnsan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı Azərbaycan cəmiyyətinin, QHT sektorunun, yüzlərlə KİV-in ümumi rəyi nəzərə alınmadan, 3-5 nəfərin sifarişli məlumatı əsasında hazırlanmış belə açıqlamalar, bəyanatlar və sənədlər qərəzlidir, əsassızdır və subyektiv xarakter daşıyır.
Xarici fondlardan maliyyələşən bəzi yerli QHT-lər uzun illər ərzində qeyri-şəffaf fəaliyyət göstərmiş, qanunların tələblərinə məhəl qoymayaraq aidiyyəti dövlət orqanlarına heç bir hesabat verməmişlər. Təbii ki, qanunları pozmaqda şübhəli bilinən təşkilatların fəaliyyəti araşdırılır və faktlar təsdiqini tapdıqca, müvafiq ölçü götürülür. Bu isə, öz növbəsində, xaricdən aldıqları milyonlarla qrant vəsaitini şübhəli məqsədlərə yönəldən və dövlət orqanlarının qanuni tələblərini qulaq ardına vuran ayrı-ayrı təşkilatları, ələlxüsus də onların "demokratiya carçısı” kimi çıxış edən xarici havadarlarını qane etmir. Belə demək mümkündürsə, "5-ci kolon” öz missiyasını yerinə yetirmək imkanlarından məhrum edilir ki, bu da nəticə etibarilə mövcud mexanizmləri yaradan dairələrin Azərbaycana təzyiq rıçaqlarını zəiflədir. Hazırda bəzi xarici dairələrin və onların nəzarətində olan təşkilatların, medianın həddini aşan fəallığı da məhz bu amillə bağlıdır" - deyə Ə.Həsənov bildirib.
Şöbə müdiri daha sonra ABŞ və Avropa ölklərinin özünü insan haqlarını pozmaqda ittiham edib: "Bir gün öncə Nyu-Yorkda BMT-nin mənzil qərargahı qarşısında humanitar xarakterli dinc aksiyanın qəddarcasına dağıdılmasının da ictimai təhlükəsizliklə əlaqəli olduğuna inanmaq çətindir. Həmçinin ABŞ və Avropanın inkişaf etmiş ölkələrində jurnalistlərin təqib olunması, informasiya resurslarının izlənməsi, bloqqerlərin həbsi və digər hüquq pozuntuları ilə bağlı kifayət qədər faktlar mövcuddur. Əlbəttə, bütün bu hallar ümumiləşdirilərsə, dünyanın ən inkişaf etmiş ölkələrində belə demokratiyadan əsər-əlamət olmadığı iddia edilə bilər. Sual olunur: nəyə görə Azərbaycanı tənqid edən məlum dairələr bu faktları ümumiləşdirərək həmin ölkələrdə demokratiyanın durumuna münasibət bildirmirlər? Təəssüf ki, bu ikili standartlar Qərbin bəzi dairələrinin hətta region ölkələrinə münasibətində də özünü açıq şəkildə büruzə verir".
Bunun ardınca isə Ə.Həsənov beynəlxalq aləmdən Azərbaycan hakimiyyətinə yönələn son günlərin tənqidləri barədə danışıb: "Hesab edirəm ki, Avropa Parlamentinin bir neçə gün öncə qəbul etdiyi qətnamə, ABŞ-ın ATƏT-dəkı və Avropa Parlamentindəki nümayəndəsi tərəfindən düzgün məlumatlandırılmayan Prezident Barak Obamanın Klinton Qlobal Təşəbbüsünün illik toplantısında Azərbaycanla bağlı ifadə etdiyi fikir, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Varşavada keçirilən illik hesabat toplantısında səsləndirilən mülahizələr, habelə "Human Rights Watch”, "Freedom House” və digər bu kimi xarici təşkilatların iddiaları obyektiv deyil və dövlətimizin müstəqil siyasətinə təzyiq göstərmək cəhdi kimi qiymətləndirilməlidir".
Ə.Həsənov sonda "Azərbaycan müstəqil ölkədir, öz daxili və xarici siyasətini xalqın milli maraqlarına uyğun şəkildə həyata keçirir və heç bir halda tutduğu yoldan geri çəkilmək və kimlərinsə istəyinə uyğun hərəkət etmək niyyətində deyil", - deyə bildirib.
.