Rusiyada rəsmi səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədovla bu ölkənin baş naziri Mixail Mişustin arasında danışıqlar başlayıb.

Görüş əsnasında Baş nazir Ə.Əsədov bildirib:

“Xalqlarımız arasında əsrlərlə əməkdaşlıq və qarşılıqlı anlaşma telləri bərqərar olub. Azərbaycanda Rusiya ilə münasibətlərə çox dəyər verilir. Bu münasibətlər prezidentlərimizin fərdi töhfələri və siyasi iradəsi sayəsində strateji tərəfdaşlıq səviyyəsinədək yüksəlib və uğurla inkişaf edir”.

Baş nazir həmçinin iqtisadi-ticari, sərmayə, humanitar, hərbi-texniki əməkdaşlığa dair ikitərəfli hökumətlərarası komissiyanın da fəaliyyətini qeyd edib.

“Mühüm sənədlərə gəlincə, Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın başlıca istiqamətləri barədə iki ölkə prezidentlərinin 2018-ci ildə Soçi şəhərində imzaladıqları birgə bəyanatı xüsusi qeyd etmək istərdim. Həmçinin hökumətlər arasında əməkdaşlıq sazişinin müddəti də 2024-cü ilədək uzadılıb. Burada iqtisadi və humanitar əməkdaşlığa dair bir çox məsələləri əhatə edən 6 yol xəritəsindən ibarət fəaliyyət planı da var” – deyə baş nazir Ə.Əsədov vurğulayıb.

Əsədov Mişustini Azərbaycana rəsmi səfərə dəvət etdi

Azərbaycanın baş naziri Əli Əsədov Rusiya Federasiyası hökumətinin başçısı Mixail Mişustini respublikaya rəsmi səfərə dəvət edib.

Bu barədə TASS məlumat yayıb.

“Fürsətdən istifadə edərək, sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm. Əminəm ki, sizin üçün əlverişli olacaq istənilən zamanda baş tutacaq səfəriniz Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə böyük töhfə verəcək”, - deyə Əsədov qeyd edib.
 

.