"Hesab edirəm ki, istənilən insanı bağışlamaq olar. Hüquqi baxımdan hadisəyə qiymət verilib. Necə deyərlər, hüquq öz işini görüb. İndi sırf insani münasibətlər ifadə olunur. Qadın kimi, azyaşlı uşağı olması və digər yüngülləşdirici hallar nəzərə alınmaqla belə qərar qəbul olunub”.
AzVision.az-ın məlumatına görə, bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, Baş nazirin müavini Əli Əhmədov sabiq deputat Gülər Əhmədovanın azadlığa buraxılmasına münasibət bildirərkən deyib.
YAP rəsmisinin fikrincə, belə qərarın qəbul olunması məhkəmənin səlahiyyətləri çərçivəsindədir: "İnsanpərvərlik hisslərindən çıxış edərək belə qərar qəbul olunub. Ümumiyyətlə, istənilən insanın cəzaçəkmə müəssisələrinə göndərilməsində yeganə məqsəd onun cəzalandırılması deyil. Baxmayaraq ki, tödərilən əmələ hüquqi baxımdan qiymət verilir, amma digər məqam da insanın islah olunmasıdır. Bütün bunlar nəzərə alınaraq səlahiyyəti olan insan cəzaçəkmə müəssisısində olanlarla bağlı ya əfv, ya da bağışlanma aksiyaları olur. Bu kontekstdən baxmaq lazımdır”.
Eks-deputatın bəraət tələbinə gəlincə isə Ə.Əhmədov qeyd edib ki, istənilən vətəndaşın məhkəmə çəkişməsi aparmaq haqqı var: "Məhkəmənin hansısa hökmünə tuş gəlmiş insanlar da bu hüquqlarından istifadə edə bilər. Haqlı olduğunu sübut edə biləcəksə müvafiq qərar qəbul olunacaq. Qeyd etdiyim kimi törədilən əmələ hüquqi qiymət verilib, hazırda insani aksiya həyata keçirilir”
"Qafqazinfo" xəbər verir ki, Gülər Əhmədovanın yenidən hansısa vəzifəyə gətirilməsi və ya YAP-a qayıtması ehtimalı ilə bağlı sualı isə Əhmədov belə cavablandırıb: "Gəlin hadisələri qabaqlamayaq. Indi düşünmürəm ki, bu gün Gülər Əhmədovanı düşündürən başlıca məsələ Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan ibarətdir. YAP üzvlüyündən kiminsə çıxarılması və ya yenidən üzvlüyün bərpa olunması hüquqi məsələdən daha çox mənəvi, əxlaq məsələsidir. Hesab edirəm ki, biz YAP olaraq məsələyə bu cür qiymət verəcəyik. Hüquqi baxımdan qiymət verilib, YAP isə öz nizamnamə tələblərinə uyğun şəkildə lazım gələcəyi anda istənilən şəxs haqqında qərarlarını qəbul edir. Bir daha qeyd edim ki, hesab etmirəm bu gün Gülər Əhmədovanı düşündürən başlıca məsələ Yeni Azərbaycan Partiyasına üzvü olmaqdan ibarətdir. Bu məsələ nə onu düşündürür, nə də bizi”.
.
