Sabit tarif xərc əsaslı metodologiyanın tarif elementlərindən biridir.

Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Elektroenergetika haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin direktor müavini Rövşən İsmayılov deyib.

Rövşən İsmayılov bildirib ki, sabit tarif elementinin tətbiqində əsas məqsəd maliyyə yükünü artırmaq deyil: “Çünki təchizat subyektlərinə tariflər vasitəsilə daxilolmalar tarif xərcləri səviyyəsində məhdudlaşdırılır. Hər hansı əlavə tarif elementlərinin tətbiqi tarif xərclərini artıra bilməz. Sabit tarifin tətbiqində əsas məqsəd sabit və dəyişkən xərclər baxımından doğru şəkildə strukturlaşdırılmasıdır. Məsələn, bu gün 3-4 mənzili olan vətəndaşlar var. Onlara sayğac və s. çəkilən xərclər var. İstehlakda olmayan, mənzilə çəkilən xərclər hamının arasında bölüşdürülür. Sabit tarifin tətbiqindən sonra artıq bu xərclər sosial ədalət prinsipi əsasında bölüşdürüləcək. Sayğacla bağlı xərclər hətta istehlak olmasa belə həmin abonentin istehlak xərclərinə aid edilmiş olacaq. Bu beynəlxalq təcrübədə tətbiq olunan sistemdir. Sabit tarifin təsərrüfat subyektlərinə və əhaliyə eyni şəkildə tətbiqi nəzərdə tutulmur. İstehlak tarifləri necə tənzimlənirsə, sabit tarif də elə tənzimlənəcək”.

Qeyd edək ki, “Elektroenergetika haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, sabit tarif elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementidir.

“Qaz təchizatı haqqında” yeni qanun layihəsində də sabit tarifin tətbiqi nəzərdə tutulur. Sabit tarif qazın istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif element olacaq.

.