Tarif Şurasının qərarına əsasən yanacağın qiymətinin artırılması ölkədə ümumi bahalaşmanın başlanması kimi qəbul olundu. Hökumət rəsmiləri qiymət artımını əsaslandırmağa və bunun ölkədə başalaşmaya səbəb olmayacağını desə də, iqtisadçılar fərqli fikirdədir.
Artıq yaxın vaxtlarda qaz, işıq, su, nəqliyyatda gediş haqqının da artacağı gözlənilir. Qeyd edək ki, Tarif Şurasının qərarına əsasən, "Azərenerji”yə satılacaq təbii qazın da qiyməti 2 dəfə bahalaşıb. Sənaye müəssisələrinə, o cümlədən elektrik enerji istehsalı müəssisəsinə verilən təbii qazın qiyməti 42 manatdan 80 manata qədər qalxıb. SOCAR-ın "Azərenerji” ASC-yə verdiyi qazın qiymətini qaldırması elektrik enerjisinin də dəyərinin bahalaşmasına səbəb ola bilər.
Bununla belə ekspertlər elektrik enerjisinin tariflərinin bahalaşmasına iqtisadi əsas görmür. Çünki "Azərenerji” heç bir yarımstansiyanı öz hesabına həyata keçirmir. Bu baxımdan qazın min kubunu 80 manatdan alsa belə, bu, elektrik enerjisinin maya dəyərinə təsir etmir.
Ekspertlərin fikrincə, əgər kimlərsə benzinin maya dəyərini əsas gətürürsə, bu tamamilə yersiz arqumentdir. Çünki ölkədə neft emalı müəssisələrinin (eynilə kommunal müəssisələrin) xərcləri qəsdən şişirdilir, rəqabət olmadığından onlar xərcləri istədikləri qədər artıra bilirlər. Ancaq qısa zaman kəsiyindən sonra eyni arqumentlə kommunal xidmətlərin qiymətini qaldıracaqlar. Bu müəssisələrin xərclərinin formalaşmasında şəffaflığı təmin etmədən və xərclərin azaldılması üçün real addımlar atılmadan həyata keçirilən hər cür qiymət artımının isə heç bir əsası yoxdur.
.
