İsmayıllı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizami Ələkbərov "Media forum” saytının suallarını cavablandırıb.
O bildirib ki, hazırda işləmir: "Elə bir işim yoxdur. Gözləyirik, Allahın köməkliyi ilə bizimlə bağlı da bir təyinat olar. Ümid edirəm ki, diqqətdən kənarda qalmayacağıq. Həmişə cənab prezidentə, dövlətimizə xidmət etmişik”. Xatırladaq ki, Nizami Ələkbərov ötən il İsmayıllıda baş verən hadisələrdən sonra icra başçısı vəzifəsindən azad olunub. Həmin vaxt- yanvarın 23-də İsmayıllı şəhərindəki "Çıraq” otelinin inzibatçısı və onun tanışı yerli sakinləri təhqir edib. Bu insident böyüyərək kütləvi iğtişaşlara çevrilib. Yanvarın 24-də də davam edən olaylarda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun istefası tələb olunub. Fevralın 14-də prezident İlham Əliyev Nizami Ələkbərovun İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqda sərəncam imzalayıb. İsmayıllı olaylarına görə 20 nəfər məhkum olunub. Yeri gəlmişkən, sabiq başçı onu da bildirib ki, vəzifəsindən çıxarıldıqdan sonra İsmayıllı rayonuna getməyib: "Buna ehtiyac da yoxdur. Ora getməyim üçün zərurət də olmayıb. Amma mənim ismayıllılardan, İsmayıllı camaatının da məndən heç bir incikliyimiz yoxdur. Bayramlarda, ad günümdə mənə ən çox zəng edən, təbrik edən İsmayıllı camaatı olur. Mənə zəng edənlər arasında rayonda müxtəlif vəzifələrdə çalışanlar da, sadə vətəndaşlar da olur”. Nizami Ələkbərov həmçinin qeyd edib ki, İsmayıllıdakı evlərini satıblar: "Oğlumun adına idi. Sonra da qalmasına ehtiyac olmadı, satdıq. Söz-söhbət olurdu, ona görə də satdıq”.
Keçmiş başçı ondan bir müddət sonra işdən çıxarılan qardaşından - əmək və əhalinin sosial müdafiəsi naziri olmuş Füzuli Ələkbərovdan da danışıb. Vurğulayıb ki, o vaxtkı işdən çıxarılmalar bu qardaşlara qarşı kampaniyanın nəticəsi deyildi: "Heç bir kampaniya olmayıb. Bizə etimad göstərildi, işlədik. Başlanğıc olduğu kimi zaman gəlir, son da olur. İndi başqa bir mərhələ, dəyişiklik də gözlənilir. İnşallah, belə olar. Həyatdır da, həyatda hər şey olur”. Sonda o, qardaşı ilə müntəzəm əlaqə saxladığını və onun Azərbaycanda olduğunu da bildirib: "Təbii, biz qardaşıq, əlaqə saxlayırıq, görüşürük… Füzuli müəllim heç hara getməyib, Azərbaycandadır. Biz hamımız vətənimizdəyik. Sadəcə olaraq Füzuli müəllim hazırda xaricdə yay məzuniyyətindədir”.
.