El Çapo” ləqəbli məşhur narkobaron Hoakin Qusmanın Meksikanın sərt rejimli Altiplano həbsxanasından qaçışı ona təxminən 50 milyon dollara başa gəlib.
Virtualaz.org saytı Qərb KİV-lərinə istinadən xəbər verir ki, bu barədə məşhur kolumbiyalı narkobaron Pablo Eskobarın silahdaşlarından biri olan Vaskes adlı narkobaron açıqlama verib.
Narkobiznesə yaxın həmin qaynaq deyib ki, həbsxana rəhbərliyinə və ədliyyə məmurlarına verilən nəhəng məbləğdəki rüşvət də 50 milyon dollara daxildir.
"Belə qaçışlar üçün siz həbsxana nəzarətçilərini pulla ələ almalısınız. Onlar isə El Çaponun nə dərəcədə varlı olduğunu bilirlər. Onlar bunun əvəzində on milyonlarla dollar pul tələb edirlər. Bu türmədə sensorlar, müşahidə kameraları var, ona görə də böyük xərclərdən qaçmaq mümkün deyil” - deyə klanlararası müharibədə azı 250 nəfəri qətlə yetirmiş Vaskes bildirib.
Meksika hökuməti "Gödəkboy” adı ilə də tanınan El Çaponun ələ keçirilməsinə görə 3,8 milyon dollar mükafat təyin edib. Vaskes isə deyir ki, bu, çox təhlükəlidir və bu cür qorxulu işə görə heç kim 20 milyon dollardan aşağı məbləğə razılaşmaz.
El Çapo ötən ilin fevralında Sakit okean sahillərindəki kurortların birinin otelində həbs olunmuş və xüsusi qorunan türməyə salınmışdı. Bu həbsxanadan qaçmaq ümumiyyətlə təsəvvürə gəlməyəcək bir işdir. Lakin iyulun 11-də axşam El Çapo çoxsaylı nəzarətçilərə, sərt rejimə, yüzlərlə müşahidə kamerasına, qoluna bağlanmış elektron bazubəndə baxmayaraq türmədən qaça bildi.
Narkobaronu həbsxanada sonuncu dəfə duş almaq üçün vanna otağına gedərkən görüblər. Daha sonra məlum olub ki, El Çapo uzunluğu bir neçə kilometr olan yeraltı tunellə qaçıb. Tuneldəki relslər, onların üstündə isə motosikl aşkarlanıb.
Meksika hökuməti həbsxana rəisini, habelə digər yüksək vəzifəli şəxsləri buna görə artıq işdən kənarlaşdırıb.
El Çapo 1993-cü ildə də Qvatemalada həbs olunmuş və Meksikada 20 illik həbsə məhkum edilmişdi. 8 ildən sonra isə El Çapo türmə rəhbərliyini pulla satın alaraq həbsdən qaçmağa nail olmuşdu. "Gödəkboy” ABŞ hakimiyyəti tərəfindən "dünyanın ən qüdrətli narkobaronu” elan olunub.
H.Qusman zəngin adam sayılır. 2009-cu ildə onun sərvəti 1 milyard dollar həcmində qiymətləndirilirdi. 2011-ci ildə isə o, "Forbes”in versiyasına görə, dünyanın ən çox axtarılan zəngin cinayətkarları arasında birinci yeri tuturdu.


.